Rəngləri necə blok edək ?

Color Blocking

Bu dəfəki mövzumuz ,son zamanlar moda aləmində adını tez –tez eşitdiyimiz ” Color blocking” adlanan -yəni rənglərin bloklaşdırılması, qəlibə salınması  kimi tanınan, dəb termini və onun açılışı ilə bağlı olacaq. Color Blocking artıq neçə illərdir dəb aləmində hamının sevimli stil vasitəçisinə çevrilib.Demək olar ki ,son illər bir çox dizaynerlər öz dəfilələrində color blocking-ə   çox  müraciət edirlər. Qısası, Color Blocking -bir  obrazda iki və daha çox rənglərin qarşılaşdırılması ,ahəngləşdirilməsidir.
Niyə məhz color blocking? Çünki rənglərlə oynamaq ,onları uzlaşdırmaq (hətta uyğun gəlmədiyi halda belə)rəngarəng geyinmək obrazınıza maraqlı bir görünüş qata bilər , eyni zamanda seçim qarşısında qalmısınızsa  ,bir  yox, bir neçə rəngi geyiminizdə birləşdirib geyinmək bu seçimdən sizi xilas edə bilər . Digər bir məsələ isə daha aktualdır –color blocking ilə (rənglərin horizantal istifadəsi zamanı )bədənin qüsurlarını gizlətmək , daha incə görünmək mümkündür və yaxud vizual olaraq boyu daha hündür  və ya qısa göstərmək olar.Beləki ,Color blocking-i necə etmək olar sualını cavablandırmadan öncə gəlin Rəng Çərçivəsinə nəzər salaq .
Bu rəng qurşağına  (17 –ci əsrdə İsak Nyuton  tərəfindən ilk forma , əsasən RYB(Red /Yellow/Blue – Qırmızı/Sarı /Göy olan əsas rənglərdən istifadə etməklə yaradılıb. Johannes İtten tərəfindən sonralar mükəmməlləşdirilib.) nəzər yetirsək, burada bir çox rənglərin yerləşmə prinsipini görərik. Məsələn ,yaşıl  rəng ilə qırmızı rəngin qarşı -qarşıya yerləşməsi və s.Rəng çarxını həmişə önünüzdə saxlayın və geyim obrazınızda əgər color blocking etmək istəyirsinizsə , bu çərçivədən istifadə edin.Rəngləri necə düzgün blok edək ?

  • Unutmayın, əgər bu sizin ilk təcrübənizdirsə , 2 rəngdən başlayın .Bu rənglər Neytral və Parlaq rənglərin qarşılaşdırılması ola bilər. Neytral rənglər :qara,ağ ,boz,qəhvəyi  kimi rənglərdir .Hansı ki,bu rənglərlə bir çox parlaq rəngi (yaşıl ,narıncı,fuksia)block edə bilərsiz .
  • Üçüncü və ya dördüncü rəngi əlavə edin.Bu əlavə edəcəyiniz rəng ya obrazınızda artıq mövcud olan rənglərin birinin daha açıq və ya tünd  çaları ,ya da tamamilə yeni bir rəng ola bilər. Məsələn ,ağ və narıncı rənglərdən olan geyim  obrazınıza mərcan rəngini əlavə edə bilərsiz.Color blocking-in uğurlu alınması üçün çalışın ayrı –ayrı geyim elementlərindən istifadə edin .Yəni bir don əvəzinə -ayrı –ayrı ətək və bluz geyinsəniz rəngləri blok etmək daha uğurlu alınacaq.
  • Color blocking də aksesuar çox önəmlidir və istifadə edilməlidir. Düzgün seçilmiş bir çanta , kəmər və s . digər geyim elementlərində olan rəngləri tam block edəcək. Aksesuarlar ya üzərinizdə olan rənglərdən biri ,ya da tam fərqli  yeni bir  rəng ola bilər.Unutmayın, çox detallı aksesuarlardan istifadə etmək məsləhət deyil.
  • Color blocking-də  ən vacib məqamlardan biri də printli geyim elementləridir. Belə elementlərdən  istifadə etmək məsləhət deyil. Buna rast gəlinsə də hamıda uğurlu alınmıya bilər , çünki print istifadə etmək rəngləri blok etməyi çətinləşdirir.Belə halda üzərinizdə olan printin rənglərini istifadə etməklə ,color blocking edə bilərsiz.

Rəng seçərkən :Beləliklə,artıq  rəng qurşağının (rəng  çarxının  ) nə olduğunu bilirsiniz. İndi isə  bu çarxa baxaraq, rəngləri hansı üsul ilə  seçəcəyimizi öyrənək.

  • Qarşılaşdırma- bir rəngin tam əksində duran rəng .Məsələn qırmızı rəngi seçib ,tam əksinə baxırıq və qarşısındakı rəng yaşıldır. Bu üsulla rəngləri blok edə bilərsiz
  • Monoxromatik-eyni rəngin müxtəlif çaları (açıq ,tünd ,parlaq,soyuq tonu)
  • Analoq-bir rəngin yanında olan qonşu rənglərlə uzlaşdırılması .Məsələn baxaq qırmızı rəngə,onun qonşuları olan çəhrayı və bənövşəyi rəngləri blok edə bilərsiniz.
  • Üçbucaq effekti – bu effekti çərçivədə təsəvvür edin.Mərkəzdə yerləşən bir üçbucaq düşünün -3 rəngi birləşdirin.Bu üçbucağı yaradarkən istənilən rənglərdən istifadə  edə bilərsiz və birləşən nöqtələrdəki rəngləri blok etsəniz uğurlu alınacaq.
  • Məsələn ,baş nöqtəni yaşılın üzərində düşünün üçbucağın digər qollarını –bənövşəyi və narıncıya doğru uzatsaq ,maraqlı bir rəng bloku alınar.
  • Dördbucaq effekti- üçbucaqda olan eyni sistemlə , bir dördbucaqlı çəkin və bu birləşən nöqtələrdə olan rəngləri blok edə bilərsiniz.
  • Beləliklə, əziz xanımlar müxtəlif  rənglər ,onların isə müxtəlif çalarları var. Rəngləri bir biri ilə qarışdırmaqdan,ahəngləşdirməkdən çəkinməyin .Rəngarəng geyinmək ilin hər fəslində mümkündür ,bu rəngarənglik isə sizin həm fərqli geyim  stilinizin olmasını vurğulayacaq ,həm də həmişə gözəl əhval bəxş edəcək…