“Sintetik uşaqlar kimə lazımdır? “

“Sintetik uşaqlar kimə lazımdır? “

“Support” yoxsa “Boycott”?

                                                                                            Budur sual 

Jurnalist, dəb yazarı, Cosmopolitan Azerbaijan jurnalının redaktoru Nigar Mirzəsoy  bu sualı cavablandırdı .

Bir neçə gündür ki, dəb aləmi hər şeyi bir kənara qoyub, Dolce&Gabbana Dəb Evi və musiqiçi Elton John arasında yaşanan gərgin debatı müzakirə edir. Məlumatı olmayanlar üçün deyim ki, qalmaqal Domenico Dolce və Stefano Gabbananın “Panorama” jurnalına verdiyi müsahibədən sonra başlayıb. Dizaynerlər gey cütlüklərin övlad sahibi olması ideyasına və “EKO”ya qarşı çıxaraq bildiriblər ki, uşaqlar yalnız böyük sevginin nəticəsi kimi, ana və atanın iştirakı ilə dünyaya gəlməlidir. “Mən geyəm və övlad sahibi ola bilmərəm. Dünyada hər şeyi əldə etmək mümkün deyil. “Sintetik” uşaqlar kimə lazımdır? Hər şey təbii olmalıdır, hadisələrin axınına qarşı çıxmaq olmaz”, – deyərək Domeniko Dolce fikrinə aydınlıq gətirib. Onun bu münasibətinə qarşı çıxan, iki övlad sahibi musiqiçi Elton John dizaynerin iki atanın olduğu ailələrdə dünyaya göz açan uşaqları “sintetik” adlandırmasına hiddətlənib: “Siz nə haqla mənim uşaqlarımı sintetik adlandırırsınız? EKO hər kəsə uşağa sahib olmaq şansı verən möcüzədir. Sizin arxaik fikirləriniz də yaratdığınız kolleksiya kimi dəbdən çıxıb. Mən bir daha Dolce&Gabbana geyimlərindən istifadə etməyəcəyəm!”. Ulduz fikrinin yekunu kimi, dizayner geyimlərini “boykot” etməyə çağırıb.Onun bu çağırışına sənət dostları və bir neçə dizayner də qoşulub. Domeniko və Stefano isə sadəcə öz fikirlərini bildirdiklərini ,heç kimi qınamaq istəmədiklərini, söz azadlığı, demokratiya və sevgiyə inandıqlarını yazsalar da, bu, onları hiddətli şəkildə qınayan insanları dayandırmayıb.

Lakin #BoycottDolceGabbana heşteqi ilə yanaşı, #SupportDolceGabbana heşteqi də xeyli məşhurdur. Ənənələrə hörmət edilən cəmiyyətimizdə isə çox güman ki, Dolce&Gabbananı dəstəkləyən insanların sayı daha çox olacaq, amma qızğın münasibətini bildirənlər də az deyil. Yaddan çıxarmayaq ki, hamımız müasir, tolerant insanların olduğu cəmiyyətdə yaşayırıq və heç kimin dini, irqi və cinsi seçimləri ilə işimiz yoxdur. Amma gəlin razılaşaq ki, heç kim hər hansı bir fikri onunku ilə üst-üstə düşmədiyi üçün başqasını boykot edə bilməz. Əlbəttə, Ricky Martin demiş, diqqət mərkəzində olan insanlar dediklərinə fikir verməli və bu kimi mübahisəli məsələlərə diqqətlə yanaşmalıdır, amma nəticə etibarilə, hər kəsin fikrini azad şəkildə ifadə edə biləcəyi bir dünyada yaşayırıq və dizaynerlərdən biri kiminsə dünya görüşünə əks fikir səsləndirirsə, bütün brendi boykot etmək düzgündürmü?

“Sintetik” sözünə gəldikdə isə bu gün kollektivimizin kişi nümayəndəsi belə bir fikir söylədi: “Məhz parçalarla işləyən bir insan fikrini ifadə etmək üçün “sintetik” sözündən istifadə edə bilərdi. Bəlkə də bu sadəcə onun yanlış özünü ifadəsidir?”. Yaranmış ajiotaj odunun üzərinə su səpmək məqsədi ilə deyək ki, “sintetik” və “süni” sözləri bir-birinin sinonimi deyil və eyni mənanı bildirmir. Əsasən, sonradan, sintez yolu və ya dəyişikliyə məruz qalaraq əldə olunan materiallar “sintetik” adlanır. Müsahibəni obyektiv şəkildə oxuyanda anlaşılır ki, heç kimin hüquqları tapdalanmayıb və xüsusən, heç kim təhqir olunmayıb

Mübahisə doğuran digər bir məqam isə Domenikonun on il sonra bu uşaqların psixoloji problemlərinin meydana gələcəyini söyləməsidir. Mən düşünürəm ki, burada da dizayneri faşist adlandırmaq üçün heç bir səbəb yoxdur. İstəyirsiniz, razılaşın, istəyirsiniz, yox, amma ənənəvi dəyərlərin hələ ki çox möhkəm olduğu müasir cəmiyyətdə geylərin insan basqısına məruz qalması faktı danılmazdır, üstəlik əgər sən iki ata və ya iki ananın olduğu bir ailədənsənsə, təbii ki, özünə qarşı müəyyən basqı hiss edə bilərsən.Bilmirəm, bu vəziyyətə nə dərəcədə uyğundur, amma bizdə yaxşı bir məsəl var: “Korlar məhkəməsində görmək, təbii ki, ciddi xəstəlikdir”. Məhz buna görə də məncə, bu fikri ilə Domeniko heç kim üçün “Amerika açmayıb” və burada təəccüblənəcək bir şey yoxdur.

Sonda isə onu demək istəyirəm ki, Dolce&Gabbana brendi istənilən şou, göstərişdən tamamilə uzaqdır, onlar əbədi hisslərdən ilhamlanaraq kolleksiya yaradır vəfikrimcə, sosial şəbəkələrdə brendin boykot edilməsi onu sevən ana ordusunun qarşısını ala bilməz. Xüsusən də, onların ultra-şirin son “Mommy knows best!” kolleksiyasından sonra.