Yves Saint Laurent bir əfsanədir!

Bilmirəm bu təsadüfdür və ya yazılmış bir ssenari ,amma niyəsə məşhurların həyat hekayəsi olduqca maraqlı və uzun olur. Yəqin ki bu uğura gedən yol ilə bağlıdır- əziyyətli, zəhmətli, bir o qədərdə bəhrəli yol ilə. Bildiyiniz kimi hər həftə bir modelyer haqqında danışırıq və onun həyatının daha maraqlı məqamlarını sizə çatdırırıq. Sadə dillə şərh etməyimizin səbəbi odur ki, həyat və yaradıcılıqla tanış olmaq üçün vikipediyaya deyil, modamaniyaya müraciət edəsiniz.Bəli, bu dəfə moda dünyasının fenomen adlarından olan və dizaynları ilə fərqlənməyi bacaran Yves Saint Laurentdən bəhs edəcəyik. Onu seçməyimin səbəbi dünyaca məşhur adı ilə yanaşı olduqca geniş izləyici kütləsini cəlb edən, həyat hekayəsindən bəhs edən filmdir. Film, izləyiciləri tarixi bir səyahətə çıxararaq indiki günümüzün keçmişlə çox da fərqlənmədiyini götərməyə çalışırdı.

Onun da həyat hekayəsi bir çox məşhur kimi eyni başlayırdı. Balaca yaşlarından modaya böyük maraq, hər fürsətdə sadə eskizlər çəkmək və s. Hal-hazırda isə dünyanın ən önəmli markalarından biridir… Geyim markası  demirəm, çünki YSL  günümüzdə yalnız geyimin yer aldığı bir marka deyil, daha çox  geniş yer tutur. Parfümeriya, kosmetika sahəsində də sayılıb-seçilən mövqeyə malikdir.  Artıq YSL keyfiyyətin və lüksun simvoludur.  Bəs Laurent uğur nərdivanlarını necə dırmaşdı?

Yves Saint Laurent 1936-cı ildə Fransa müstəmləkəsi altında olan Əlcəzairdə doğulub. 18 yaşında Moda-dizayn yarışmasını qazanır və beləliklə onun həyatını dəyişən insanın- Christian Diorun diqqətini cəlb etməyi bacarır. Onun əsrarəngiz ideyaları sayəsində Dior vəsiyyətində onun baş dizayner olacağını yazmışdı. Hələ 21 yaşında gənc və o artıq Paris moda aleminin brilliant daşı hesab edılən Diorun baş dizayneri idi.İçinə qapanmış və utancaq görüntüsünün altında nə fırtınalar qopduğunu onun gənclik illərində yaşamış olduğu bir hadisə ilə canlandıraq. Dior bir geyim hazırlığı sırasında bir sualla Laurentə müraciət edir: “bu donu ele bir hala gətirə bilərsənmi daha incə görünsün?” Ürkək halı ilə kənarda sakit dayanan Laurent bəlkə də ondan gözlənilməyəcək bir cəsarətlə dona müdaxilə edir və böyük bir parça kəsərək modelin belinə bağlayır. Nəticə tam da Diorun istədiyi kimi alınır. Və aydındır ki, niyə Dior məhz onu baş dizayner vəzifəsinə layiqli hesab edir. Bu hadisəni Laurentin həyatının qısa özəti kimi görmək mümkündür.Onun dizaynları da bir növ öz xarakterini əks etdirirdi- ürkək, qapanıq, sakit görünüş altında böyük bir özgüvən. Elə bir güvən ki, iş əsnasında bunu lovğalıq da adlandıra bilərik. Əsasən zərif qadın cinsi (o dövrdə haqları tapdanan cins)  üçün hazırladığı smokinlər… O bu smokinlərlə sanki zərif, incə məxluqlara özünə inam, güvən obrazı vermək istəyirdi.

İndi isə bir addan bəhs edəcəm. Hansı ki, Laurentin YSL olmasında əvəzsiz rolu olan bir insan. Pierre Bergefuturenin Laurentin marka yaratmasından tutmuş, markasını ayaqda tutmasının təməli olduğunu filmə baxanlar yaxşı bilər. Əlbəttə Yves Saint Laurent bir dahidir, amma bir iş adamı, bir idarəçi əsla deyil. Onun düşündüyü yalnız yeni bir kolleksiya hazırlamaq idi. Bu səbəbdən də YSL’nin bir dünya markası olmasında Pierrenin əməyini qeyd etməsək haqsızlıq olardı.

YSL Dünyanın ən məşhur xanımlarını geyindirirdi . 1990 cı illərin sonlarında gəlirləri  bir az düşür və 2002-ci ildə bütün atelyeleri bağlayırlar. Lakin Fransa Hökuməti yüksək dəyər verdiyi bu markadan dəstəyini əsirgəmədi, onu ayağa qaldırdı. 2008-ci il 2 İyun tarixində Laurent Parisdə, 71 yaşında dünyasını dəyişdi.

Yves Sain Laurentin həyatına aid bu məqaləmi kinodan bir dialoqla sonlandırmaq istəyirəm.

Bir dost məclisində Laurentdən soruşurlar:

-Müharibə başlasa nə edərsən?

Onun cavabı dəqiq və qərəzsiz idi:

-Tək bildiyim şeyi edərəm-tikməyə davam edərəm.

Doğrudan da həyatında baş verən çətin məqamlara baxmayaraq o heçvaxt tikməyə, yaratmağa ara vermədi. Çünki ele onun həyata gəliş səbəbi də bu idi- YSL olmaq!

Müəllif :Günay Yunuszadə