Nişan üzüklərində son trend…

Yunanların deyimi ilə-tanrının gözyaşı… Romalılar isə ulduzların yer üzünə düşmüş halı adlandırır… Erosun oxunun ucunda da o var idi…
Bəli, brilliantdan bəhs edirik. Almazın işlənmiş halı.
Söhbət evlilik hazırlığından gedəndə ağla ilk gələn tək qaş üzüklər və ya modern şərh olunmuş brilliant parçalar olur. Məlumdur ki, evlilik təklifinin rəsmi nişanı üzük olduğu üçün brilliant üzükdən imtina etmək mümkün deyil. Brilliantlardan fərqli olaraq almazlar barmaq izlərimiz kimi biri-birindən fərqli təbii daşlardır. Heç düşünmüsünüzmü niyə məhz nişan simgəsi olaraq brilliant üzüklər seçilib? Əslində səbəbi çox sadədir. Həyatda ölümsüz olan  istənilən hər şey almazla taclandırılır. Çünki o təbiətdə pozulmadan qala bilən, ilkin gözəlliyini, saflığını qoruyan nadir tapıntılardandır.
Tarixi tərəfdən yanaşsaq üzük taxmaq ənənəsi miladdan öncəyə təsadüf edir ki, bunun da səbəbi o dövrdə biləyə, boyuna taxılan metal əşyaların insanı qara qüvvələrdən qoruyacağı inancı var imiş. Zamanla bu inanc insanların gözəllik nişanı oldu və artıq insanların evli olub olmadığının ilkin göstəricisi hesab edilir.
Hər bir gəlin namizədinin yuxularını bəzəyən gəlinliklər kimi aksesuarlar da önəmli detaldır və ələxsus nişan üzüyü. Üzük seçərkən bir neçə tərəfdən yanaşılmalıdır. Belə ki, trend olması ilə yanaşı illər boyu aktuallığını, gözəlliyini qoruyacaq üzük seçilməlidir ki, bir ömür boyu o üzüyü tam razılıqla və sevinclə barmağınızda daşıyasınız. Digər bir tərəfdən model elə olmalıdır ki, o həm gündəlik, həm də gecə geyimlərinizə uyğun olsun.
Hər il trend olma vəziyyətini qoruyan nişan üzükləri, həmçinin yeni dizaynlar artıq vitrinlərdə öz yerlərini alıb.
Böyük mənəvi dəyəri olan bu üzüklərin maddi dəyəri də mənəvi dəyərindən geri qalmır. Çünki bu il də iri tək qaş üzüklər öz aktuallığını qoruyub saxlayır. Həmçinin səpmə brilliantlarla bəzədilən incə üzüklər sanki saflığı tərənnüm edir. Hər il gördüyümüzdən fərqli olaraq bu il dördbucaq formalı qaşlar üslünlük təşkil edir. Qızılı rəngin müxtəlif tonlarına rast gəlinən kolleksiyaların göz oxşayan dizaynları sarı qızıl və platinin vəhdətindən ərsəyə gələn üzüklərdir. Son zamanların dəbi rose gold da nişan kolleksiyalarında özünə yer tapıb. İndi isə 2015 kolleksiyalarına daxil olan bir neçə üzüklə tanış olaq.

Müəllif :Günay Yunuszadə