Stilinizə saç aksesuarlarınız ilə rəng qatın…

Saçlara azadlıq vaxtıdır. Necə ki, çox sadə bir geyimə cazibədar bir aksesuar əlavə etdiyiniz zaman tamamilə dəyişir, eynilə saç aksesuarları da stiliniz üçün açar rolunu oynaya bilər. Bu yay saçlarınız üçün hansı aksesuarları istifadə edəcəksiniz?

Güllər

Xeyir, “instagramda” “handmade ”səhifələrdə satılan, standart formaları ilə gözümüzü yoran çələnglərdən bəhs etmirəm. Dolce Gabbana dəfilələrinin göz oxşayan parçalarına çevrilən,  Marchesanın  zərif pastel tonlarını tərənnüm etdirən aksesuarlarını və Bottega Venettanın kiçik çiçəkli bantlarını nəzərdə tuturam. Yay mövsümündə rəngarəng və qarışıq geyinməyi sevməyən xanımların canlı və rəngli görünməsi üçün çıxış yolu ola bilər bu aksesuarlar.

Qızılı tonlar

Fikrimcə qızılı hər zaman dəbi tərənnüm edir. Qadınsı görünümü əks etdirən bu rəngin şöhrətli bir havası var. Lakin diqqət etməniz lazım olan bir məqam var. Nə qədər sadə istifadə olunarsa, o qədər də şık görünər. Onsuzda bu ilin dəbi də budur- hər hansı xüsusi bir əziyyət tələb etmədən yaranan şıklıq. Celine’in halqavari saç toqqaları, Jason Wu’nun yarım halqaları və Elie Saab’ın bant şəklindəki aksesuarları dediklərimizin bir növ isbatıdır.

Bantlar

Bu sezon dəfilələrdə çox sayda saç bantları (obodoklar) ilə tanış olduq. Anna Sui’nin keçen il təqdim etdiyi hippi bantlar, Dolce Gabbana’nın kolleksiyası, Valentino’nun dəri və geniş istifadə etdiyi, bir növ simasına çevrilən zımbalı obodokları, Tanya Taylor’un qaşlı çiçəkləri, Alexis Mabille’nin şarflardan dizayn edilmiş bandanaları, Victoria Beckhamın sadə bantları… Zərif  bir sadəlik axtarırsınızsa Tracy Reesenin ipli, nazik parçadan hazırlanmış bantları tam sizə görədir. Trina Turkın bantlarını isə özünüz də evdə rahatlıqla şarfdan düzəldə bilərsiniz.

Müəllif : Günay Yunuszadə