Swarovski -əlindəki şüşə partladı və həyatı dəyişdi!

Swarovski -əlindəki şüşə partladı və həyatı dəyişdi!

Daniel Swarovski 118 il öncə əlindəki şüşəni parlatdığında, həyatını dəyişəcəyin təsəvvür belə etməzdi. Daha doğrusu onun və ailəsinin həyatını dəyişən-ixtira etdiyi maşın oldu. İndi zinət əşyalarımızdan geyimimizə, ayaqqabılarımızdan saatımıza kimi istifadə etdiyimiz bu qaşların hekayəsi belə başladı.

Fantaziya, hissiyat və intellektə sahib Daniel Swarovski və ailəsi bu möcüzəvi gözəlliyi ortaya çıxarmağı bacardılar.

Daniel Swarovski 24 Oktyabr 1862-ci ildə Bohemiada(Çexiya) dünyaya gəldi.  Kristalın işıq oyunu daha uşaq ikən Danielin diqqətini cəlb etmişdi. Elə indiki dövrdə də büllür dedikdə ağla ilk gələn Çex qablarıdır. O zamanlarda da Bohemia kristalın və büllurun emal yeri idi. Danielin atasının kristal kəsilən fabrikinin olması, Danielin bu işdə ustalaşmasına səbəb oldu.

Daniel 21 yaşında Vyanada keçirilən bir elektrik sərgisində həyatının fikri ilə qarşılaşdı. O, bu günə qədər əl ilə kəsilən şüşə texnikasını dəyişərək maşın yaradacaqdı. Beləliklə, Siemens və Edissonun sərgidə təqdim edilən texnikaları ilə bir şüşəkəsən maşın yaratmağa qərar verdi. Gecə-gündüz çalışdı və nəhayət ki, 9 il sonra (1982) əməyinin bəhrəsini gördü. Artıq o öz yaratdığı maşının patentini almağa hazır idi.

Daniel Swarovski 1895-ci ildə Avstriyada qardaşları Armand Kosmann və Frand Weis ilə Swarovski şirkətini qurdu. Şirkətin ilk adının A. Kosmann, Daniel Swarovski& Co olacağına qərar verilsə də, sonradan qısaldılaraq K.S and Co oldu. Şirkətin Avstriyada olmasının başlıca səbəbi və avantajı buradakı hidroenerji mənbələrindən istifadə edilməsi idi. 1899-cu ildə Daniel Swarovski simvol olaraq saflıq və gözəllik simvolu olan Tirol dağ çiçəyini seçdi.İlk Swarovski qaşları, yeni adı ilə chatons qüsürsuzluğu ilə nəinki zərgərlik, digər sektorlarda da istifadə olundu. 1908-ci ildə Danielin 3 oğlu- Wilhelm, Friedrich və Alfred şirkətə qatılaraq öz laboratoriyalarını yaratdılar. Bir müddət sonra rəngli qaşlar emal edərək öz adlarını dünya miqyasında tanıtdılar.

O dövrdə yeni-yeni eşidilən couture  anlayışı ilə birgə Chanel, Balenciaga, Dior, Schiaparelli kimi dünyaca məşhur dizaynerlər və atelyeler ilə işləməyə başladılar.  1920-ci illərdə luksun və şöhrətpərəstliyin ön plana çıxması ilə Swarovski modada önəmli bir parça olmağa başladı.

Marlene Dietrich, Marilyn Monroe və Audrey Hepburn kimi adlar 20-ci əsrdə Swarovskini seçərək onun şöhrətini birə beş qat artırdılar.1950-ci illərin ortalarında Christian Dior Swarovski ilə müqavilə bağladı. Yeni dövrün müasir qadınları üçün dizayn edilən geyimlər swarovski kristalları ilə tamamlandı.Orijinal Swarovski simvolu olan tirol çiçəyi 1988-ci ildə Qu quşu ilə əvəz edilmişdir.Bugün Wattensdə yerləşən şirkətin 26000-dən artıq işçisi, 120-dən artıq ölkədə filialı vardır.

Müəllif : Gunay Yunuszadə