70-lərdən gələn 2016 trendləri

Moda-böyük bir dünyadır. Hansı ki, bu aləmdən neçə-neçə insanlar,  trendlər gəlib-keçir. Bəs sizcə dəb yenilənirmi? Dünyaca məşhur, xüsusi istedada, hətta vergiyə sahib olduğunu düşündürən insanların moda aləminə qazandırdıqlarını, yaradıb ərsəyə gətirdiklərini heçkim dana bilməz. Lakin, şəxsi fikrimcə moda 50% təkrarlanır ki, bu təkrarlar müasir dövrün tələblərinə uyğun olaraq bu günkü günümüzdə bizlərə təqdim olunur. Bunu bir irad olaraq və ya ironiya ilə deyil, normal hal kimi qeyd etdim. Təbiət- su, hava, bütün cahan özünü təkrarladığı halda modanın təkrarlanması da təbii haldır. Öz dövrünün trendi olmuş geyimlər, aksesuarlar günümüzə gəlib çıxa bilibsə, bizə onu yaradanları alqışlamaq düşər.
70-ci illəri görməyən, fotolardan tədqiq edən biri kimi deyə bilərəm ki, 2015 kolleksiyalarını izləyənlər 70-ci illərə geri dönüş yaşadı. Azad ruh, hippi, bohem stillərinin yüksəliş yaşadığı bu dövrü moda ikonları, ulduzlar, bloggerlər öz geyimlərində şərh etdilər. Gucci, Michael Kors, Emilio Pucci, Chloe, Fendi, Karen Walker kimi brend markaların 2015 yaz-yay kolleksiyalarının ruhunu məhz 70-ci illər yaratdı.

Gələcək mövzularda da qeyd edəcəyim, uzun boy yaratmaq hiyləsi hesab etdiyim hündür bel, enli ətək şalvarlar, həm idman üslubunda, həm də klassik şərh edə biləcəyiniz köynək donlar, kovboy rahatlığının əksi olan saçaqlı çanta, jiletlər və s. Yalnız geyimlər də deyil aksesuarlarda da- qarışıq rəngli düz sabolar, disk şlyapalar və digər əşyalarda 70-lərin ab-havası hiss olunur.

Bəs 70-lər özünü yalnız yaz-yay kolleksiyalarında göstərdi? Xeyir, modabazlar bilər ki, şəhərimizin vitrinlərində gördüyümüz nazik trikotaj, özündən xətli maykalar və ya qısa trikotaj koftalar elə o illərin trendidir.

Bu il diqqət mərkəzində olacaq digər bir detal da zamşa geyim və aksesuarlardır. Xüsusilə üst geyimləri və saçaqlı ətəklərdə rast gələcəyimiz bu material, əsasən bej və qəhvəyi rəngləri ilə çanta və ayaqqabılarda da geniş istifadə olundu.Deməli, bu il payız-qış fəslində də küçələrdə hippi, bohem stilləri ilə göz oxşayan modabazlar az olmayacaq. Əgər siz də 70-ci illər heyranısınızsa, sizin üçün küçə dəbindən seçdiyim kombinlərlə tanış olun və qarderobunuza 70-ləri əks etdirən parçaları əlavə edin. 70-ci illəri yaşaya bilməsək də bu qayıdışla zaman gəzintisinə çıxa bilərik.

Müəllif : Günay Yunuszadə