Dünyanın Qadınları və Moda …

Dünyanın dörd bir yanında qadınlar və geyimlər

Hər evin özünə xas bir qoxusu vardır. Yəqin ki ,sizdə də belə hal olur: O evə girdiyinizdə qoxu yaddaşınız sizin bütün xatirələrinizi canlandırır və o məkanın tanış olduğunu anlayırsınız. O evdə baş verən hadisələrin, hazırlanan yeməklərin, söhbətlərin, yaşanan hər bir şeyin qoxusudur o… Amma ən çox da qadının qoxusudur. Çünki dünyanı gözəlləşdirdiyi kimi o evi də yuva edən, o evi isidən qadındır. Uzaq şərqdən Avropaya, Amerikadan Afrikaya hər ölkə bir ev, o evi tərənnüm edən də qadınlardır. Hər bir ölkənin qadınını gördükdə, ora haqqında fikir formalaşır. Hansı ki, həyatın çətinliklərinə qarşı duraraq öz ailəsini qoruyan, bununla yanaşı xanımlığını unutmayaraq baxımlı, dəbli görünməyə səy göstərən xanımlar. Bu məqaləmin qonağı məhz bu xanımların geyim tərzləri olacaq.

Geyim, insanlıq tarixi qədər qədimdir. Belə ki, çılpaq yaradılan və sonradan geyinən tək canlı insandır. İnsanın geyimi onun içində oturduğu ilk evidir. İnsanlar niyə geyinir deyə düşünsək bir çox ünsürün səbəb olduğunu görərik. Başlanğıcda isti, soyuq, qar, yağış kimi təbiət hadisələrindən qorunmaq üçün geyinən insanlar, sonradan dini inancları, mədəniyyətləri, adətləri ilə bir- birindən kəskin fərqlənən geyim üslubları yaratmışlar. Müasir dövrdə isə qərbdən gələn moda axınının gücü, xüsusilə böyük şəhərlərdə məskunlaşmış insanların obrazlarındakı fərqləri aradan qaldırmağa qadir oldu. Dünyanın 4 bir yanında dəblə ayaqlaşmağa çalışan xanımlar, fərqində olmadan öz adət-ənənələrini müasir geyim tərzlərində az da olsa əks etdirirlər

Uzaq şərq olduqca yüksək insan nüfuzuna sahib olduğu üçün, burada fərqli mədəniyyətlər və köklərdən gələn qadınlar öz müxtəlif tərzləri ilə maraq dairəsindədirlər. Yaponiyada milli tədbirlərdə, xüsusi günlər və nigahda geyilən “t” kəsimli, enli qollu kimonolar tarixi geyim hesab olunur. Vyetnamın dünyaca məşhur, zərif ipəkdən hazırlanan milli geyimi “Ao Dai” də yerli xanımlar tərəfindən həm gündəlik, həm də tədbirlərdə istifadə olunur. Çində yüksək təbəqəlilər tərəfindən geyilən milli geyim isə qadınların üzərində “Cheongsam”, kişilərdə isə “Changshan” adlanır. Bizim ağlımızda ilk olaraq milli, qədimi geyimlər canlansa da, müasir dövrdə dünyanı öz ağuşuna alan dəb bu ərazilərə də təsirini göstərib. Xüsusilə Tokio Fashion Week-də qıyıq gözlü xanımlar öz stilləri ilə dəbi izlədiklərini sübut etmiş oldular.

Afrika öz ekzotik coğrafiyası üzərində inancları, dilləri bir-birindən fərqli bir çox xalqları birləşdirir. Mən buranı ziddiyətlər materiki adlandırıram. Bir tərəfdə bir qab suya möhtac çılpaq insanlar, bir tərəfdə ləl-cəvahirat, var-dövlət dənizində üzən şeyxlər, digər tərəfdə inkişaf etmiş CAR vətəndaşları. Bunu vurğulamağıma səbəb “afrikalıların stili”  dediyimdə, bu acınacaqlı hallara qarşı hissiz olduğumu düşünməməyinizdir. Mövzudan kənarlaşmadan, bu materikin şimalındakı ərəblərin müasir geyim tərzinin cənuba nisbətdə fərqli olduğunu qeyd etmək istəyirəm. Bizim sizə təqdim etdiyimiz fotolar müasir dəbin təsirinə məruz qalan və bundan yararlanan xanımlara aiddir.

Zaman içində dəyişən Afrika stili xüsusilə 20-ci əsrdən sonra Avropa ilə ticarət ələqələrinin güclənməsiylə yeni bir hal almışdır. Ərəb mədəniyyətinin təsiri bəzi tayfaların həyatında uzun və işləməli geyimlərlə davam edir. Ən müasir afrikalılar Avropa sayağı şalvar, köynək və ayaqqabı istifadə etsələr də, uzaq bölgələrdə hələ də müasirləşməyərək öz milli geyim üslublarından istifadə edənlər var.Burada milli geyim rəngli parçalar, qeyri-adi basqılar, muncuqlu, saçaqlı ətəklər və bura aid naxışlı motivlərdən ibarətdir. İsti iqlim şəraitini nəzərə alsaq insanların açıq-saçıq  geyinməyi normal qarşılanmalıdır.

Mənə ən cəlbedici milli geyim hansıdır deyə sual versələr, Pakistan, Hindistan, Malayziya, Nepal, Şri-Lanka və Burma kimi ölkələrdə istifadə olunan “Sarı”dır deyə cavab verərəm. Göz oxşayan rəngarəng rəng seçimi, işləmələri, baş aksesuarları ilə müasir günümüzdə belə, xoş obraz yaratmağa qadirdir. Pambıq, ipək, şifondan hazırlanan bu geyimlər müxtəlif motivlərlə bəzənir. Lakin, məlumdur ki, bu ərazilərdə də Avropa stili dünyanın 4 bir yanında olduğu kimi hökm sürür. Maraqlısı odur ki, hər bir ərazidə öz milli ənənələrinə uyğun olaraq şərh olunan müasir dəb burada da özünəməxsusdur.

Mərkəzi Asiya türklərinin tarixi geyimlərinə nəzər salsaq, görərik ki, köçəri həyat sürmələri və heyvançılıqla məşğul olmalarından irəli gələn səbəblərə görə dəridən hazırlanmış rahat geyimlərə üstünlük vermişlər. Alt paltarının üzərinə geyilən kaftan , çapan, şapan, çarqıt adlandırılan üst geyimi, ayaqda isə çarıqlar o dövrün standart obrazı idi. Qadınlar boş şalvarlar və başlıqlardan istifadə edirdi. Ümumiyyətlə, şalvarlar daha çox döyüşçülər tərəfindən geyinilirdi. Keçmiş türklərdən uyğur qadınları baş aksesurlarına, bəzəkli papaqları və samur dəri seçimləri  ilə yadda qalıblar. Fikrimcə daha maraqlı obraz özbək milli geyimlərinə aiddir.  Dekorativ naxış sənətini milli geyimlərində də əks etdirən özbəklər, orijinallığı qoruyub-saxlamaq məqsədiylə geyimləri seriya şəklində deyil tək-tək istehsal edirlər.

Hər zaman məqalələrdə London, Paris, Milan, New York kimi modanın nəbzi olan şəhərlərin qadınlarından bəhs edilməlidir deyə bir qayda yoxdur. Bəlkə də dünyanın ən zövqlü xanımı dünyanın ən ucqar nöqtəsindədir. Biz sadəcə çəkilənlər, təqdim olunanlar və yazılanlara əsasən fikir bildiririk. Zövqlü, baxımlı, dəbli qadın harada yaşamağından asılı olmayaraq, həyat şəraiti icazə verdiyi müddətdə hər zaman seçiləcək. Çalışın siz də seçilənlərdən olun.

Müəllif :Günay Yunuszadə