Dəri tipinə hansı rənglər uyğundur?

Dəri rənginizə görə rəng seçiminiz

Aynanın qarşısında özünüzü izləyərkən geyindiyiniz qiyafə üzünüzü aydınladıb gözlərinizin parlamasına səbəb olursa, deməli siz düzgün rəng seçimi etmisiniz. Bəli, bu dəfə rənglər haqqında ayrı bir nəzərdən bəhs edəcəyik. Dəri və saç rənginizə görə yanlış rəng seçiminin gözəlliyinizə böyük bir kölgə salmaması üçün bu yazını mütləq oxumalısınız.

Belə bir düşüncə var ki, saçı qara insan əsmər, açıq tonlarda olan isə sarışındır. Bizim əsmər, sarışın və ya qumral olduğumuzu saç rəngi deyil, dəri rəngimiz müəyyən edir.

Açıq tonlar və sarışınlar

Əksər azərbaycanlı xanımı kimi dəri rənginiz açıq, saçlarınız tünddürsə, çəhrayı, qara, qırmızı, bənövşəyi, bej və yaşıl tonları seçə bilərsiniz. Bu tipli xanımlar çoxlu rəng seçimləri ilə avantajlı olsalar da, çox rast gəlinən olduqları üçün rəngləri ilə seçilməlidilər.

Təbii sarışın bir xanımın pudra çəhrayısı tonlarında bir geyimdə necə göründüyü təsəvvür edirsiniz? Şəffaflaşıb yox olar məncə. Məhz buna görə də onların seçimi tünd və kəskin rənglər-bordo, qara, tünd mavi, ümumilikdə mavi tonları olmalıdır.

Əsmərlər

Saçınız və dəri rənginiz qaradırsa, səhv bir rəng seçimi boğunuq görünməyinizə kifayət edir. Mənim kimi qara saçlı, qara gözlü və tünd dərilisinizsə, yeganə avantajınız makiyajsız da canlı görünməyinizdir. Bizim seçimlərimiz bej, pudra çəhrayısı, səma mavisi, bej və pastel tonlarından olan yumşaq rənglər olmalıdır.

Dəri rənginiz tünd, saçlarınız açıq tonlardadırsa və ya təbii əsmər olarkən sonradan sarışın olmağa çalışmısınızsa,  qırmızı tünd göy, narıncı, tünd yaşıl və torpaq tonları sizing rənglərinizdir.

 

Müəllif : Günay Yunuszadə