Toxunma geyimlər…

Yəqin ki, hamımız havaların soyuması ilə qarderobumuzu da dəyişmişik. Nazik geyimlərimizin yerini qalın , isti, toxunma geyimlər alıb. Soyuq havalar dedikdə qarderobumda ilk sevdiyim , həvəslə geyinməyi gözlədiyim sevimli toxunma jaketlər, koftalar, iri toxunma şərflər və  şallarım yadıma düşür. İsti geyinən insanam, amma bu o demək deyil ki, isti olsun deyə görünüşün  önəmi yoxdur. Xeyr, nə qədər isti geyinsək də gözəl görünməyə də bir o qədər fikir verməliyik. Biri-birindən fərqli o qədər toxunma geyimlər var ki, həqiqətən məndən olsa yay-qış fərq etməz , ancaq toxunma geyimlər geyinərəm.

Bu il demək olar ki, bütün dizaynerlər öz kolleksiyalarında toxunma geyimlərə çox geniş yer veriblər. Son illər daha çox dəbdə olan toxunma,müxtəlif uzunluqda olan jaketlər də  küçə dəbində xanımların sevimlisinə çevrilib. Müxtəlif markaların kolleksiyalarında rəngarəng fərqli toxunma jaketlər insanın gözünü oxşayır.Geyimin tamamilə havasını dəyişən bu jaketlər istər sport, istər klassik fərq etmir bütün geyimlər ilə geyinmək mümkündür. Elə ən praktik tərəfi də budur.

Bundan başqa fərqli detallar ilə diqqət çəkən toxunma koftaları bu il daha çox görəcəyik. Dəri bir şalvar və ya bir ətək geyinib üzərinə boş, rahat bir toxunma kofta geyindikdə  rahatlıqla görünüşü deyişə bilərsiniz. Əsas odur ki, detallara fikir verəsiniz. Özəl bir tədbir olduğunda nazik toxunma fərqli bir model seçə bilərsiniz. İstəsəniz hətta ,tamamilə toxunma geyinə bilərsiniz. Toxunma şalvar və ya ətək ilə toxunma kofta geyinərək maraqlı obraz yaratmaq olar.

Qısa cins şort və ya qısa bir ətək , qısa çəkmələr , toxunma bir kofta və ya jaket ilə geyinib bohem tərzini də yarada bilərsiniz.Bundan başqa artıq toxunma aksesuarlarda istifadə olunur. Əgər siz də dəblə ayaqlaşmaq istəyirsinizsə bu aksesuarlara bir göz gəzdirin.

Müəllif :Nərmin Həmidli