Qış fəslinin gəlini ol…

Əksər qızın xəyalıdır -günəşli bir gündə, sakit havada evlənmək yəni, yaz-yay gəlini olmaq. Belə halda görkəminizin korlanması, saçınızın dağılması, açıq məkanda narahatlıq və s.problemlər olmur. Amma qış fəslindəyik və bu tarixlərdə fərqli konseptlə evlənənlər də az olmayacaq.

Əvvəla sizlərə qışda gəlin olmağın üstünlüklərindən bəhs etmək istəyirəm ki, bunlar heç də az deyil. Məkan axtarışında rezerv edilmiş günlərin sayı az olacağı üçün istədiyiniz tarix asanlıqla sizin olacaq. Qış fəslində gəlinlik butiklərinin bir çoxunda endirimlərə rast gələ bilərsiniz və müştəri kasadlığı olduğu üçün sizə xüsusi müştəri kimi qulluq ediləcək. Gəlinlik seçərkən bu parçada tərləyərəm və ya bu işləmələr ağır olacaq kimi problemlər olmayacaq. Yəni siz uzun qollu gəlinliyiniz ilə Kate Middletona meydan oxuya bilərsiniz.

Sizin toyunuz yeni il ərəfəsinə təsadüf edirsə olduqca qeyri-adi formatda toy təşkil edə bilərsiniz. Yeni il ağacı və digər aksesuarlar ilə bəzənmiş masalar və fonda səslənən mahnılar sizin toyunuzu illərlə danışılacaq və unudulmaz hala gətirəcək.

Yay-qış fərqi yoxdur, gəlin mələk kimi olmalıdır deyə düşünürəm. Gəlin olmaq toyunda hər zamankindən fərqli görünmək, qonaqları heyrətləndirmək və bəyi şok etmək deyil. Gəlin olmaq gözəlliyi önə çıxarmağı bacarmaq və bununla yanaşı məsumiyyəti simada canlandırmaqdır.

Saç və makiyajda avantajlısınız desək yanılmarıq. Qış fəsli olduğu üçün toyunuzun bağlı məkanda olacağını nəzərə alsaq, ürəyinizdən keçən saç düzümünü və obrazı yarada bilərsiniz. Qış gəlinlərinə qırmızı və qotik tərzi xatırlatmayan açıq bordo tonlarını çox yaraşdırıram. Ekru uzunqol gəlinliyiniz, boyunda yığılmış sadə saç düzümü və əsl soyuq hava makiyajı ilə şəhzadə kimi gəlin olacaqsınız.

Son dövrlərdə gəlinliklərdə sadələşməyə doğru irəliləsək də, yox dərəcəsində gəlin obrazının tərəfdarı deyiləm. Əlbəttə ki, gəlin hamıdan seçilməli və cəlbedici olmalıdır. Son zamanların trendi fərqli görkəmli, vintaj tərzi xatırladan taclar və saç aksesuarları seçimləriniz arasında olmalıdır. Məlumdur ki, belə taclar sadə saç düzümü ilə düzgün makiyaj tələb edir. Saçda çələnglər və güllər isə qış fəslinə uyğun olmaması ilə yanaşı artıq göz yorucudur.

Dizayner kimdirsə, dizaynda odur. Siz sadəlik pərəstişkarı olduğunuz halda Zuhair Murad və ya Berta, Elie Saab imzalı geyimlər izləməməlisiniz. Seçiminizin daha tez bir vaxtda bitməsi üçün ilk öncə zövqünüzə xitab edəcək markanı tapmalı və ya xəyalınızdakı gəlinliyi tikdirməlisiniz. Çünki siz 100 ədəd müxtəlif geyimlər alaraq dəvətlərə gedə bilər və hər dəfə zövqünüzü müxtəlif şəkildə sərgiləyə bilərsiniz. Toy gününüzdə isə sizə yalnız bir haqq verilir.

Bu il də fransız güpürü və işləmələrə rast gəldik. Yüzlərlə məşhur gəlinlik markası olsa da, şəxsi fikrimdir ki, bir çoxu məhz Zuhair Murad yolu gedir. Transparan detallar, zərif tül uzərində işləmə, parıltı və standart formalara bu qədər rast gəlinməsi dizaynları fərqləndirməkdə çətinlik yaradır.

Ömrümdə ilk dəfə iştirak etdiyim toy 2000-ci ilə təsadüf edirdi və gəlinliyin üzərində qısa kürk var idi. Mən nə o vaxt, nə də indiki dövrdə kürkü gəlinliyə yaraşdırmıram. Əgər qısa bir müddət də olsa soyuğa tab gətirə bilməyəcəksinizsə istifadə edə bilərsiniz, lakin uzun qol gəlinlik sizə nisbətən kömək edə bilər.

Ölkəmizdə bağlı məkanlarda keçirilən toy tədbirlərinin üstünlük təşkil etdiyini nəzərə alsaq yaz və ya qış təzadına ehtiyac qalmır. Lakin siz də hər detala xüsusi fikir verən insansınızsa məsləhətlərimizin sizə faydalı olacağına inanırıq.

Müəllif :Günay Yunuszadə