Monika stil ikonu kimi…

Gözəllik nisbi anlayış olaraq adlandırılsa da, dünyada elə gözəlliklər var ki, danmaq qeyri-mümkündür. Monica Bellucinin gözəlliyi öz təsdiqini bütün dünya miqyasında tapmış, şərqdən qərbə bir gözəllik etalonuna çevrilmişdir. İllərin gözəlləşdirdiyi bu qadın düzgün üz cizgiləri, hər kəsin arıq olmağa can atdığı bir dövrdə dolğun bədən quruluşu ilə hərkəsi özünə heyran qoymağı bacarır. Uzun boyu, tünd göz rəngi, qəhvəyi saçları və qarabuğdayılığı ilə tam bir italyan qadınıdır. Bəli, biz onun gözəlliyini Tanrı hədiyyəsi adlandırsaq da, o bunu bir sınaq kimi görürdü. İtalyan şəhərciyi olan Citta Da Castellada yaşayan Monica Belluci onu qısqanan qadınların böhtanlarından, adını ləkələmək istəyənlərin pis əməllərindən təngə gəlmişdi. Ona ağılsız gözəl kimi baxanlara özünü sübut etmək üçün idi bəlkə də hüquqşünas olmaq istəyi. O bu yolda addımlamaq istəsə də , gələn modellik təklifi Parisə, sonra Milana gətirdi onu. Beləliklə qısa müddət də bütün dünyaya ağlını və gözəlliyini sübut etmiş oldu.

İndi isə onun geyim tərzinə nəzər salaq. Xüsusi gecələrdə, qırmızı xalı tədbirlərində bütün bədən cizgilərini ön plana çıxaran dar donlarda, sinə dekolteli korsetlərdə görməyə öyrəşdiyimiz Monica, gündəlik həyatında cins şalvar,klassik şalvar, köynək, pencəklərə üstünlük verərək rahat geyimi seçir.

Amma nə gündəlik, nə də gecə həyatında onu alçaqdaban və düz ayaqqabılarda görmək qeyri-mümkündür. Ən çox istifadə etdiyi rəng qaradır. Qara onun zərafətinə cazibə qatır desək yerinə düşər. Dolce&Gabbananın reklam üzü və yaxın dostu olmasından irəli gələn səbəblərlə çox zaman bu brendin geyimlərinə üstünlük verir. Monica Bellucinin üzərində maskulin və digər tərzlərə rast gəlinsə də, onu ümumilikdə qadınsı və sexy tərzə sahib olan aktrisa adlandıra bilərik. Həmçinin lyuks mücəvhər brendi Cartierin də siması olan xanım bu brendin məmulatlarından geniş istifadə edir.

Müəllif :Günay Yunuszadə