Hamiləlik dövründə “Ulduz ” Ol !

Qadın ömrünün ən həssas periodunun hamilələlik dövrü olduğu məlumdur və bu dövrdə hər bir qadın xüsusi qayğı, diqqət tələb edir. Bu yalnız ətrafdakı insanlar tərəfindən göstərilən deyil, hər bir xanımın öz-özünə olan qayğısıdır. Bəli, hamiləlik çətin, problemli və diskomfort olsa da, bunu xəstəlik kimi qələmə vermək və özünü xəstə hiss etmək doğru deyil. Hal-hazırda dünya ulduzları və bloggerlərdən hamiləlik dövrünün hər günündə yeni bir ulduz look yaradan xanımlara rast gəlirik. Bu həssas dövrdə bir az cəsarət edib tənbəllikdən uzaq olsanız adınızdan bəhs etdirəcək hamilələr sırasına daxil olarsınız.

Hamilələr bu il nə geyinməlidir? deyə bir sual mövcud deyil əslində. Çünki standart dəb qaydaları və yeni trendlərin hər biri hamilələrə də şamil olunur. Siz normal həyatdakı stilinizdən kənarlaşmadan daha rahat kombinlər yaradaraq trend və şık görüntü əldə edə bilərsiniz.

Hamilə ikən yalnız kombinezonlar, lasinlər və ya tuniklər seçsəniz olduqca primitiv  və sıxıcı görüntü yaradarsınız. Ətəklər və maraqlı aksesuarlar sizin hamilə obrazınızı standart kombinlərdən fərqləndirəcək. Xüsusilə rahat ayaqqabılar ilə istifadə olunan belə ətəklər yüksək belli olduğu halda sizə narahatlıq hiss etdirməyəcək.

Digər bir ətək seçimi bu il bir çox markalar tərəfindən təqdim olunan klyoş toxunma, yun ətəklərdir. Yüksək strecliyə sahib olduğu üçün əsasən standart ölçü olaraq rastımıza çıxan bu mini ətəklər hamilələr üçün ideal seçimdir.

Botfortlar bu sezon hərkəsin qarderobunda öz yerini aldı. Həmçinin hamilə xanımların dar lasinlər və ya ətəklər ilə kombin edə biləcəyi bu ayaqqabılardan mütləq əldə etməsi lazım olduğunu da qeyd etməliyik.

Oversize geyimlər bir neçe sezondur öz yerini qoruyub saxlayır. Oversize geyimlərin fərqliliyi kobud olduğu halda incə görüntü yaratmağı bacarmasıdır. Xüsusilə oversize üst geyimləri- mantolar, kabanlar və paltolar hamilələrin seçimlərindən olmalıdır.

Mənim zövqümə uyğun olan torpaq tonları və tünd rənglər olsa da, hamilə qadınlarda soft(yumşaq ) rənglər görməyi sevirəm. Belə rənglər onların obrazına xüsusi əhval qatır və kəskin tonlardan daha trend görünür. Zərif dövrdə zərif görüntü yaratmaq üçün gül qurusu, səma mavisi və müxtəlif yumşaq rənglərə müraciət edin. Son zamanların trendi olan eyni rəngin müxtəlif tonlarından olan parçalarla kombin hazırlamaq isə sizi ulduz edəcək.

Hamiləlik dövrü könlünüzdən keçəni deyil, daha rahat olanı seçəcəyiniz dövrdür. Amma bu o demək deyil ki, siz baxımsız və sıradan görünməlisiniz. Ömrünüzün hansı dövrü olur olsun öz ruhunuzu geyimlərinizdə əks etdirməyi bacarın. Belə olduğu halda daha pozitiv və gümrah hamiləlik dövrü sizi gözləyəcək.

Müəllif : Günay Yunuszadə