Ziddiyyətin Harmoniyası – Grunge

Nevermind! – Şüarlı Grunge style. Azad düşüncəli, emosional, hər cür qlamuru və dəb tendensiyalarını rədd edən, kütlədən seçilməyi bacaran insanların yaşam fəlsəfəsi.  Grunge- təzadları birləşdirməkdir. Bir-birinə zidd parçaları eyni obrazda uyğunlaşdırmaqdır.

80-ci illərdə musiqidə yeni axın kimi yarandı Grunge. Lakin 90-cı illərdə  Kurt Cobainin liderlik etdiyi ”Nirvana” qrupu sayəsində daha da populyarlaşdı.Qrupun marjinal geyim tərzi o vaxtkı gənc nəslin ürəyinə yol tapmağı bacarmışdı. Rəsmi olaraq isə  bu tərz, podiumlara 1993-cü ildə modelyer Marc Jacobsun ajiotaj yaradan kolleksiyası ilə gəldi.

Stilin baza hissəsini köhnəlmiş görüntü verən geyimlər tutur. Yırtıq, sapı qaçmış cinslər, cırıq köynək və sviterlər, ütülənməmiş görüntülü ətək və əlbisələr, köhnəlmiş kobud çəkmələr və s. Belə özəllikləri olmasına baxmayaraq bu stildə olan geyimlər çox keyfiyyətli və dəyərli parçalardan hazırlanır. Rəng çalarları adətən tünddür.Bu tərzdə olan parçaları qatbaqat geyinmək, Grunge stilini daha da vurğulayır. Kobud əsgər botları və oversize gödəkçə ilə incə, şifon əlbisənin birləşdiyi obraz, təzad və  uyumluluq daşıyan marjinal tərzi göstərir.

Makyaj və saç düzümü obrazla bütövlülük daşıyır. Ya heç bir makyajdan istifadə olunmur ya da çox fərqlənən bir tərzdə olur. Məsələn makyajsız üzdə qara qələmlə intensiv rənglənmiş gözlər və ya tünd rəng tonunda boyanmış dodaqlar. Saç düzümündə təbii, dağınıq tərzə üstünlük verilir.Bu həm açıq, həm də xəfif yığılmış saç düzümü ola bilər.

Aksesuar seçimi obraza uyğun olmalıdır. Kürək çantaları, toxunma papaqlar, beretlər, bandanalar,şlyapalar, müxtəlif formalı eynəklər və s.

Grunge style bir çox dünya şöhrətli ulduzların ən sevdiyi tərzdir. Jonny Depp, Olsen bacıları, Shakira, Kristen Stewart və s.

Sevil Sayılova