Shabby Chic nədir?

Əsasən interyerdə istifadə olunan Shabby chic, zamanla öz təkrarolunmaz havası ilə qarderobumuza da gəlib çıxdı. Stil özündə olduqca zərif, qadınsı, romantik xüsusiyyətləri daşıyır. Stilin əsas rəngləri pastel tonlarıdır: çəhrayının bütün çalarları, zərif mavi, solğun firuzəyi,kəhrəbanın yumşaq çalarları,bej, fil sümüyü, ağ və.b açıq və zərif rənglərdir. Bu tərz geyimlərdə  adətən pambıq,ipək, çit, yun kimi natural parçalar istifadə olunur. Parçalar krujeva, naxış, büzmə detalları ilə zənginləşdirilir.

Qızılı və gümüşü işləmələr və düymələr tərzə vintage havası verir. Əgər işləmələr əl işidirsə, əşyalara individual və özəl bir görüntü bəxş edəcək.Bu detallar xüsusən də denim parçalarda daha effektli görünür. Qızılgül, pion printləri  Shabby style-nin ən seçilən xüsusiyyətidir. Solğun rənglərin və təravətli gül printlərinin olması bu stili yay üçün daha münasib edir.

Shabby chic style-nin bütün detallarını bir obrazda bütünləşdirmək vacib deyil.Sadəcə bir neçə elementi geyiminizə əlavə edərək təravətli görüntü yaratmaq olar.Köhnəlmiş effektli cins şalvar, ətək, şort və ya gödəkçə ilə Shabby style geyim və ya aksesuarları birləşdirərək maraqlı və zövqlü obrazlar əldə edilir.Saç üçün aksesuar olaraq gül çələngləri, ipək bandana istifadə olunur.Dağınıq saçlar və ya romantik hörgülər obraza zəriflik verir. Vintaj stildə yaxa broşları, çiçək və ya bant formalı sırğa və üzük dəstləri,mirvari və ya medalyon boyunbağılar obrazı daha da romantikləşdirir. Çanta və ayaqqabılarda krujeva və ya qızılgül printləri istifadə olunur. Ümumilikdə Shabby chic style-də qızılgül printini bütün detallarda görmək olar. Geyim, aksesuarlar hətta manikur da buna daxildir. Bəzi modabazlar Shabby chic style-də olan zərif geyimləri daha kobud detallarla birləşdirərək maraqlı obrazlar yaradırlar.

 

Sevil Sayılova