20-ci əsrin “Öldürücü Cazibəsi”

20-ci əsrin Femme- fatale aktrisası, sirli baxışları ilə milyonları özünə heyran buraxan, “Mən dəblə ayaqlaşmıram, mən dəbin özüyəm!” iddiası ilə həmkarlarını kölgədə qoyan  mükəmməlik zirvəsinin tək sahibəsi Marlene Dietrich. Şahanə görüntüsünü özünün də etiraf etdiyi kimi Josef von Sternbergə borclu olan dövrünün ən çox  tələb olunan aktrisası, müğənnisi, fotomodeli Marlene, Josefin tələbi ilə on beş kilo arıqlayır və saçını sarıya boyayır.O, dövrünün  ən heyrətamiz addımını ataraq yanaqlarını önə çıxarmaq üçün arxa dişlərini çıxartdırır.

Olduqca simmetrik üz quruluşuna sahib olan Marlene nazik qaşları,uzun kirpikləri, mərmər kimi üz dərisi ilə ekranlarda olduqca effektli görünürdü. Ən çox sevdiyi baş aksesuarı olan vual ilə o möhtəşəm simasına daha sirrli və zərif görüntü qataraq pərəstişkarlarını öz təsiri altına almağı bacarırdı.

Dietrich, obrazında hər bir detalın mükəmməl görünməsinə nail olmaq üçün hər şeyi edərdi. Bir səhnə geyiminin hazırlanması üçün hər bazar New-York – dan Hollywood – a gedə və dərzinin əlbisəni bədəninə daha yaxşı oturtması üçün saatlarla tərpənmədən dayana bilərdi. Hazırlanması altı aya başa gələn əlbisələrinin üzərindəki hər bir kiçik muncuq və ya biserin yeri Marlene-nin tələbi ilə dəyişdirilirdi. Və bu proses əlbisə mükəmməl görüntü alanadək davam edirdi.

”Çılpaq bədən” effekli, bədənə kip oturan bu geyimləri kostyum rəssamları olan İrene və Jean Louis tərəfindən hazırlanırdı. Çox zaman onun ifrat dərəcədə tələbkar və xırdaçı olduğundan şikayətlənirdilər. Amma etiraf edək ki, Marlenenin sırf bu özəllikləri onun günümüzdə də təkrarolunmaz tərzi ilə yadda qalmasına səbəb olmuşdur. Qarderobunda Chanel, Dior, Elsa Shiaparelli kimi məşhur markaların geyimləri olsa da ən sevdiyi marka ispan brendi Balenciaga idi. Yalnız əl işi olan önü bağlı hündürdaban ayaqqabılara üstünlük verirdi. Və adətən Salvatore Ferragamo markalı ayaqqabılara müraciət edirdi. Kürk, demək olar ki, obrazının ayrılmaz hissəsi idi. Bundan başqa tül və ya dəri əlcəklər, vintage aksesuarlar, quş tükündən olan şərflər qarderobunun vazkeçilməz detallarından idi.

Kişi şalvarlarının qadınların da geyinə biləcəyi  fikri Chanelin adı ilə bağlı olsa da, bu elementin qarderobumuzda yer almasını Marlen-e borcluyuq. Alman əsilli incə və zərif Marlene-nin  kişi kostyumlarında olduqca cazibədar görünməsi qadın  pərəstişkarlarını, onu takrarlamasına vadar etdi.Frak,silinder papaq, qalstuk, kişi kostyum dəstini qadınlar üçün dəbə Marlene gətirdi. Marlene Dietrich Paris küçələrində kişi geyimində gəzdiyinə görə şəhər meri tərəfindən şəhəri təcili tərk etməyi tələb olunmuşdur.