Hicablı Gəlinlik Seçimləri…

Hicablı Gəlinlik Seçimləri…

Son illərdə dəbin gəldiyi nöqtə bizi heyrətləndirməyə bilməz. İstənilən zövqə və büdcəyə uyğun təqdim olunan geyim kolleksiyaları biz qadınların işini olduqca asanlaşdırır.Bir neçə il bundan öncə hicablı xanımlarımız gəlinlik seçməkdə əziyyət çəkirdilər. Adətən gəlinlik salonlarından hər hansı bir əlbisə seçilirdi və onun üzərinə əlavə parça tikilərək donun açıq yerləri qapanırdı. Bu da gəlinliyin öz individual görüntüsünü dəyişirdi .İndi isə artıq bu problem yoxdur. Beləki, bir çox dizaynerlər hicablı xanımlar üçün xüsusi gəlinlik kolleksiyası hazırlayırlar.

Anniesa Hasibuan, İrna la Perle, Elie Saab və b. dünya şöhrətli modelyerlərin təqdim etdikləri möhtəşəm kolleksiyalar buna misaldır. Elie Saab Parisdə hicablı xanımlara özəl gəlinlik salonu açmışdır. İndoneziya əsilli dizayner İrna la Perle hicablı xanımlar üçün təqdim etdiyi avropasayağı gəlinlik kolleksiyası minlərlə gəlin namizədinin ürəyincə oldu.Zərif ipək, arqanza materiallı, güpür işləməli parçalardan tikilmiş müxtəlif rəng assortimentli valehedici gəlinlik geyimləri ilə yanaşı sadə və eleqant modellər də 2017-nin trendləri arasındadır.

Gəlinlik libasları üçün adət halını almış bəyaz rənglə bərabər pastel tonlarında olan əlbisələr naxış, işləmə və biserlə bəzədilir. Tül, atlas, güpür parçaların qatbaqat işlədilməsi  qadın vücudunu ustalıqla gizlətməklə yanaşı, gəlinliyə zərafət və sirli bir görünüş verir.Hicablı xanımlar üçün hazırlanan gəlinliklərdə əsas detal baş örtüsüdür. İşləmələrlə,təbii daş-qaş və biserlə bəzədilmiş ipək örtüklər gəlinliyin möhtəşəmliyini daha da artırır. Bu ilki trendlər arasında hicablı xanımlar üçün təqdim olunan şalvar və pencəkdən ibarət gəlinlik geyimi müasir və lakonik görünməyi sevən xanımların zövqünü oxşayacaq.

Sevil Sayılova