Memarlıqla dəbin kəsişməsi

Zaha Hadid (1950-2016) adı arxitektura ilə bağlı olsa da, dəb industriyasında kosmik dizaynları ilə yadda qaldı. Zaha, brendlərin individual görüntüsü ilə özünün futuristik dizayn tərzini  birləşdirərək ortaya fantastik görüntülü şahəsərlər çıxardı. Toxunduğu hər bir detala  dinamiklik, qeyri-adilik bəxş edən Zaha Luis Vuitton, Lacoste, Caspita, Swarovski, Fendi kimi brendlərlə işləyərək özünün təkrarolunmaz tərzini dəb aləmində də ölümsüzləşdirdi.

2008-ci ildə Zaha Hadidin eskizi ilə ayaqqabı hazırlanır. Plastikdən hazırlanan ayaqqabılar memarlıq strukturlarını xatırladır. Swarovski brendi üçün dizayn etdiyi Glace qolbaq kolleksiyası digərlərindən öz əlvan rəngləri ilə seçilir.Üzəri parıldayan qırıntılı büllur qolbaqlar zərif toxunuşlu eyni zamanda mürəkkəb formalı valehedici əsərlərindəndir. Ayaqqabı butiki olan  Stuart  Weitzman və Tokioda Niell Barret adlı butiklərin dizaynı da Zaha Hadidə məxsusdur.

Fantastik görüntülü interyerlər,ən çox soyuq metal rəngi və bir-birinə axıcı xəttlərlə keçən futuristik görüntüsü ilə insanı heyran edən tikililərdə arxitektor Zaha Hadidin imzasını görmək elə də çətin deyil. Çünki yaratdığı hər bir detal “Yadplanetli effektli” görüntüsü ilə seçilir.

Fransız çanta  markası olan Rigaudy-Perrin və Zaha Hadid Design evinin direktoru Maha Kutay arxitektorun ilk çizimlərini xatırladan çanta üçün qolbaqlar dizayn etdilər.Sənət əsəri görüntüsü ilə diqqət çəkən qara, ağ, tünd qırmızı, pudra  tonlarında, dəridən hazırlanmış,üç formada əltutanlı- “Strae”, ”Loop”və  “Mobi” çantaları həm sağ, həm də sol əldə rahat istifadə etmək olar.