2017 Cins tendensiyası

Bu il cinslər olduqca fərqli çeşidlərdə təqdim olunur. Bir neçə sezondur ki, öz aktuallığını qoruyub saxlayan boyfrend, moms cinslərə “daddy’s” cinslər də əlavə olundu. Yeni tendensiya Marni, NO.21, Sunnei, Martine Rose, J.W Anderson kimi brendlərın kişi  moda dəfilələrində yer almışdır.Lakin bu tip cinslər artıq biz qadınların qarderobuna da yol tapmağı bacardı. “Daddy’s” cins seçərkən əyinə bol oturması vacibdir. Belinə bağlanmış sıx kəmər və incə hündürdaban ayaqqabılarla effektli və dəbli görünür. Yay sezonuna uyğun olaraq daddy’s cinslərin ətəklərini qatlayaraq dabanı açıq səndəl tipli ayaqqabılarla kombinləndikdə də cool görünəcək.

Qısa cins ətəklər trapes və ya düz kəsim formaları, yırtıq, sapı qaçmış elementləri ilə sezonun trend geyimlərindəndir. Marjinal görünməyi sevən gənc xanımlar bu tip ətəkləri oversize köynəklə geyinərək maraqlı görüntü əldə edirlər.

Diqqət edəcəyimiz digər trend cins dəstlərdir. “Kanada smoking”i adlanan bu dəst cins şalvar, köynək,gödəkçə və ya kombinezondan ibarətdir. “Kanada smoking”lər Calvin Klein, Stella McCartney, Christian Diorun 2017 payız-qış kolleksiyasında təqdim edilmişdir.

Adət etdiyimiz klassik göy cinslərlə yanaşı daha rəngli, yay üçün münasib cinslər də dəbdədir. Məsələn, sezonun yeni trendi  qırmızı rəngli cinslər ümumi obraza xoş əhval-ruhiyyə qatır.

Cinslər həyatımızın hər bir anında geyinə biləcəyimiz universal bir geyimdir. Hətta bahalı zinət əşyaları ilə də kombinlənərək ziyafət geyiminə çevrilə bilər.

Sevil Sayılova