2017-ci ilin yay qarderobu

Bu il üçün təqdim olunan yay kolleksiyası öz rəng çeşidləri, fakturaları ilə ötən illərə nisbətən çox fərqlənir.  Qarderobunuzu  yeniləməyə hələ də vaxt tapmamısınızsa, özünüzə zaman ayırıb alış-verişə çıxmağın tam zamanıdır.

Əlbisə seçiminizdə “off-shoulders” modellərə diqqət yetirin. Çiyin yırtmaclı kəsimlər də bu il dəbdədir. Pastel tonların hakim olduğu olduqca natural və yüngül parçalardan hazırlanan geyimlər yay üçün daha əlverişli, eyni zamanda dəblidir. Volanlar, büzmə detalları, etnik printlər, floral naxışlar həmçinin polka-dot, cizgili və damalı əlbisələr 2017-nin sevimli geyimləri arasında ilk sıralarda yer alır.Önü aşırma tipli əlbisə və ətək seçərək dəbli görüntü əldə etmək olar. Üstü yazılı, yırtıq elementli t-shirtlər və ya daha romantik görüntülü off-shoulders crop-toplar, klassik  köynəklər artıq hər bir modabazın sevimli geyiminə çevrilib.

İllər boyu öz aktuallığını itirməyən cinslər indi daha fərqli bir görüntüdə təqdim edilir. Parlaq aplikasiyalı və ya üzəri əl işləri ilə bəzədilən cins şortlar,yubkalar, yay gödəkçələri, kombinezonlar  əldə etməklə dəbli look yarada bilərsiniz.Bu özəlliklər yay aylarında belə cinsdən imtina etməyən xanımlarımızın qarderobuna işıltı gətirəcək.Boyfriend, mom jeanslər hələ də öz aktuallığını itirməyən geyimlərdəndir.Sweatshirt-lərinizi dolabınızda gizlətməyin. Üstü patchi detallı qısa cins şort və ya ətək ilə kombinləyərək yayın sərin günlərində cool görünmək olar.

Çimərlik geyimlərinə xas olan həsir papaqlar və çantalar demək olar ki, bütün yay geyimləri ilə olduqca rahat kombinlənə bilən “must-have” detal hesab olunurlar. Həsir aksesuarlar üzərində işləmə detalı, əşyanı monotonluqdan çıxararaq daha şık görüntü verir. Ayaqqabılara gəldikdə isə, dabanı açıq ayaqqabı modelləri yayın ən çox seçilən modellərindəndir.

Gözü günəşdən qoruyan, eyni zamanda obrazı tamamlayan eynəklər bu il həm retro həm də avanqard stilləri ilə fərqli görünməyi təmin edəcək. Rəngli şüşəli, yumru və ya futuristik çərçivədən tutmuş daha göstərişli, bol daş-qaşla bəzədilmiş formaları ilə eynək kolleksiyalarından üz quruluşuna yaraşanı seçərək obraza fərqlilik qatmaq daha da asanlaşıb.

Ümumilikdə 2017-nin yay kolleksiyası etnik, retro, romantik xüsusiyyətli geyim və aksesuarlar ilə olduqca zəngindir.

Sevil Sayılova