“Hamilə geyimləri sıxıcıdır”

Hamilə xanımlar adətən, həm münasib qiymətə həm də, zövqlərinə uyğun geyimlər axtarışında olurlar. “ Necə edək ki, zövqlü eyni zamanda, hamiləlikdən sonra da, istifadə edə biləcəyimiz geyim əldə edək?” sualı demək olar ki, əksər xanımları düşündürür. Hamilə xanımların bu sualına cavab tapmaq və  geyim seçimlərinə yardımçı olmaq  üçün araşdırma etdik.  

Şəhərimizin mağazalarına  göz atdıq və müşahidə etdik ki, son illər dəbdə olan bəzi geyimlər hamilə xanımlar tərəfindən də, rahatlıqla geyinilə bilər. Məsələn, volanlı, çiçək printli, bol kəsim uzun əlbisə və ətəkləri müli və ya konverslə kombinləyərək gündəlik “look” yaratmaq olar. Kombini tamamlamaq üçün çiyinə ya cins pencək atılır ya da çizgili önü düyməli “oversize” köynəklər. Bu köynəklər yenidən dəbə düşən “leggingslərlə” asanlıqla kombinlənərək, həm rahat həm də, dəbli görünməyinizi təmin edəcək.  Yumşaq “denim” və ya printli, çit materiallı kombinezonlar  rahatlıq bəxş etməklə yanaşı, şık görüntü verir. Payızın sərin aylarını həcmli, yumşaq  “oversize” sviterlərlə isidərək  uzun park gəzintilərinə çıxmaq əhvalınızı açacaq. Bu il “trench coat”  və kardiqanlar qarderobumuzun ayrılmaz hissəsi olacaqsa, niyə də,  hamilə xanımlarımız bu zövqdən kənar qalsın? Üzəri hamilələrə özəl printli “t-shirt”, cins şalvar və kardiqan kombini əyləncəli görüntü verəcək. Siz bu kombinlə rəfiqələrinizlə bir fincan qəhvə içməyə belə gedə bilərsiniz. Seçdiyiniz geyimlərdə əsas nüans rəng seçimidir. “Soft” rənglər seçməyə çalışın. Bu həm sizin əhval-ruhiyyənizi qaldıracaq həm də, ümumi görüntünüzə şıklıq qatacaq.Əlbəttə ki, obraza individuallıq qatan aksesuarları da unutmayın.

Məşhur ulduz Jessica Alba və  Britaniya “Vogue” jurnalının “fashion features” directoru, stilist Sarah Harris hamilələrə özəl hazırlanan geyimlərin sıxıcı olduğunu hesab edirlər . Sarah, hamiləlik dövründə bir dəfə də olsun hamilə geyimləri almadığını bildirərək sevdiyi “oversize” geyimlərini yenə də həvəslə geyinir. Gözəl ulduz Jessica daha çox romantik geyimlərə üstünlük verir. Volanlı, incə, şifon əlbisələrlə rahat və tərz obrazlara imza atır.