Qarderobda Xəz-ə yer ayırın

Əgər əvvəllər kürk orta yaş geyimi hesab olunurdusa, günümüzdə bu detalın yaş həddi daha  gəncləşib. Artıq gənc xanımların qarderobunda da kürk detalına rast gəlmək olar. Son illərdə dizaynerlərin kürklə bağlı fantaziyaları sərhədsizdir. Bəsit qış geyimi obrazından çıxarılan kürk daha fərqli isifadə edilməyə başlanmışdır. Artıq kürk əvvəlki kimi klassik qış geyimi deyil. Daha xırda detalları təmsil edir, ətək və ya əlbisələrə ayrıca element kimi əlavə edilir. Artıq bir neçə mövsümdür ki, dəbdə olan xəz detallı ayaqqabılar və çantalar da buna misaldır. Sırğa və qolbağlar da  xəz ilə daha dəbli görünür. Eləcə də kürkdən hazırlanmış papaqlar, kəmərlər, şərflar və əlçəklər bu mövsüm qarderobumuzda öz yerini alacaq.

Əgər əvvəllər xəz paltolar klassik geyimlərlə kombinlənirdisə , indi idman üslublu geyimlərlə xəz gödəkçələr artıq qeyri-adi səslənmir. Rəngli xəz gödəkçələri cins şalvarla  geyinib həm sport həm də şık olmaq mümkündür.Xəz detallı aksesuarlar isə dəbli görünməyə zəmanət verəcək.

Üst geyimi seçərkən qarderobunuzu əhatə edən əsas rəngə diqqət etməklə,hər bir obrazı tamamlayacaq kürk ala bilərsiniz.

Dsquared2 Milan moda həftəsində təqdim etdiyi kolleksiyada kürklər  möhtəşəmliyi və zərafəti ilə seçildi. Üst geyimi ilə yanaşı əlbisələrin ətəklərinin də kürk detalı ilə vurğulanması geyimlərə fərqli bir aura qatmışdır.

Sally Lapointe 2018 P/Q kolleksiyasında istifadə olunan  kürk detalı parıltılı geyimlərin möhtəşəmliyini daha da artırıb.  Geyimlərin qol, yaxa detallarının məhz xəz materialı ilə vurğulanması elaqant tərzə üstünlük verən xanımların ürəyincə olacaq.

Nə qədər möhtəşəm görünsə də, təbii kürk istifadə etmək yolverilməz hesab olunur. Artıq bir çox moda evləri təbii kürk istifadəsindən imtina etmişlər. Michael Kors, Gucci, Ralph Lauren və başqa moda evləri kolleksiyalarında  süni xəz materiallarına müraciət edirlər.

Sevil Sayılova