Saçlarımızı necə payızla ayaqlaşdıraq?

Yayda günəşdən yanmış saçlara qulluq etmək,  dəbli rənglərə boyamaq və yeni saç düzümləri etdirmək payız fəslinə təsadüf edir. Yeni sezonda  təzələnmiş  qarderobla yanaşı, saçlarda da xırda dəyişikliklər əhval-ruhiyyəni qaldıracaq.Bu aylarda bizi həvəsləndirən və “trendy” görünüm verən saç rəngləri podium kolleksiyalarından qaynaqlanır. Görək bu il brendlərin podium göstərilərində havalı modellərin  bizə ötürdüyü saç trendləri nələrdir?Açıq qəhvəyi tonlar yüngül balyaj vasitəsi ilə canlandırılaraq sahibəsinə enerjili və havalı görüntü bəxş edəcək. Romantik kəsimli saç ilə bu rəng tonları ideal ikilidir.

Küllü saç rəng tonu bu sezonun trendləri arasındadır. Lakin bu rəngi seçərkən biraz ehtiyyatlı olmaq lazımdır. Üz cizgilərini, dəri rəng tonunu nəzərə almaq şərti ilə bu rəngə müraciət edə bilərsiniz.

Platin-sarışın rənglər demək olar ki, bütün xanımların ən sevimli rəng tonudur. Bu rəng də küllü rəng tonları kimi diqqətlə seçilmədikdə əks-təsiri ola bilər. Adətən açıq rəng tonlu xanımlar üçün ideal olan bu rəng deyəsən uzun müddət trend rənglər sırasında olacaq.

Əsmər xanımlar rahatlıqla şokolad, qəhvəyi saç tonlarını sombre və ya ombre texnikası vasitəsi ilə canlandıra bilərlər. Xardal, qızılı, qəhvəyi, darçın rəng çalarlarını xüsusi texnika ilə qarışdıraraq daha həcmli görüntülü və havalı saçlara sahib olacaqsınız.

Sezonun gənclər arasında yayılmış ən trend çaları çəhrayı, şaftalı və bənövşəyi tonlardır. Saçlarını tam bu rənglərə boyamaq istəməyən lakin trenddən geri qalmayan xanımlar üçün  sombre və ombre texnikasından istifadə olunaraq rəng vurğuları edilir.

  Saçlar tez-tez rəngləndikdə öz elastikliyini və möhkəmliyini itirir. Bu səbəbdən onlara özəl qulluğu da yaddan çıxarmaq olmaz. Unutmamaq lazımdır ki, saçlar bizim ən təbii akssesuarımızdır!

 

Sevil Sayılova