Moda həftələrindən saçlarımıza mesaj var…

2018-ci ilin saç trendi bizə ötən ilin sonlarından bəlli olmağa başladı. Nyu-York, Paris, London, Milan moda həftələrində təqdim olunan geyimlər ilə bərabər saç düzümləri də göz qamaşdırdı. Miucca Pradanın “məktəbli” at quyruğu saçlarını elə məktəbli tərz geyim dəstləri ilə tamamlaması bu il hansı saç düzümünün önə çıxacağını bəlli etdi. Chanel, Lanvin, Fenty-nin  moda nümayişlərində “at quyruğu” saçları bəsitlikdən çıxarmaq və kombinlərin dinamikliyini artırmaq üçün fərqli aksesuarlarla dəstəklənmişdir. Bu aksesuarlar da öz növbəsində bu il saçlarımızı necə və nə ilə bəzəyəcəyimizdən xəbər verdi. Plastik saç akssesuarları, eleqant yaylıqlar və ya 90-cı illərin ən dəbli parça broşları da bu ilin tendensiyaları arasındadır.

Buruq saçlar hər il olduğu kimi 2018-də də öz aktuallığını qoruyub saxlayır. Qısa və ya uzun- fərq etmir. Hər bir uzunluqda olan saçlarda buruqlar olduqca aktual və hərəkətli görüntü bəxş edir. Buruqlar Off-White, Gucci, Marques’Almeida podiumlarıda daha çox vurğulanmışdır.

 Ultra uzun  saçlara sahib xanımlar bu il daha “trendy” görüntü içində olacaqlar. Çünki bu il sağlam və olduqca uzun saçlar dəbdə olacaq. Uzun saçlara sahib xanımlar yaxşı qulluq olunmuş və parladıcı yağ çəkilmiş  saçlarını çəkinmədən açıq tökə bilərlər.

  Ultra uzun saçların tam əksi olan ultra qısa saçlar trendləri izləyən xanımları sevindirəcək. Saçlarında çoxdan dəyişiklik etmək istəyən lakin qərar verə bilməyən modabazlar Moschino, Giorgio Armani, Tom Ford dəb həftələrində önə çıxan qısa saç modellərini çəkinmədən istifadə edə bilərlər. Bu saç modeli tomboy stili yaratmaq istəyənlər üçün əla seçimdir.

 Podiumlarda ən unudulmaz saç modellərdən biri də “yağışda islanmış” görüntülü və islaq, laklanmış saç düzümləridir. Marni, Jason Wu, Alberta Ferretti, Maison Margiela, Alexander McQueen kimi moda evlərinin kolleksiyalarına bəzən eleqantlıq bəzən də çılğınlıq qatmış bu trend bu ilin favoritləri arasında, şübhəsiz, yer alacaq.

   2018 ci il saç düzümləri kimi aksesuarlar da fərqli, eleqant və əyləncəlidir . Plastik saç aksesuarlarından tutmuş, eleqant, gecə geyimlərini tamamlayan broşlaradək müxtəlif çeşidlər saçlarımıza ölçülü zəriflik və individuallıq qatmağa yardımçı olacaq.

Sevil Sayılova