Safari stili

Hər il dizaynerlər öz kolleksiyalarında Safari stilindən fərqli şərhlə və müxtəlif üslublarla uzlaşdıraraq istifadə edirlər. Safari stili artıq dəb dünyasının, xüsusi ilə də yaz/yay dəfilələrinin sabit üzvü olmuşdur.

Bəs safari sözünün mənası nədir və safari dedikdə ilk ağlımıza nə gəlir?

İlk öncə onunla başlayaq ki, safari sözü Suaxili adlı Afrika qəbilələrinin dilindən tərcümədə səyahət anlamına gəlir.  Safari dedikdə ağlımızda cəngəlliklər, meşələr, səhralar, ov, bir sözlə təbiət və təbiətdə səyahət canlanır.

19-cu əsrdə Afrika materikinin kəşfi və öyrənilməsi nəticəsində bir çox səyahətçilərin geyim tərzində safari üslubunun ilk elementləri yaranmağa başlamışdır. Səyahətçilər və arxeoloqlar ekspedisiyalarda səyahət üçün rahat, istiyə davamlı və praktik geyimlərdən istifadə etməyə başlayırlar.Bu da, Safari stilinin yaranmasına gətirib çıxarır.

Safari stili formalaşıb bir üslub, bir stil kimi günümüzə gəlib çatana kimi bir çox önəmli mərhələdən keçmişdir. Safari gödəkçəsinin ilk prototiplərindən biri 40-cı illərin əvvəlində dəb dizayneri Jasques Fat tərəfindən yaradılmışdır. Daha sonra bu gödəkçə axşam geyimi kimi təkmilləşmiş və onun nümayişi 1949-cu ildə supermodel Bettina tərəfindən olmuşdur. Safari üslubunun 2-ci dönüş nöqtəsi 60-cı illərdə Yves Saint Laurent-in Afrikaya həsr olunmuş dəfiləsində nümayiş etdirdiyi “Saharienne” gödəkçəsi oldu. Gödəkçə dəfilənin ən diqqət çəkən parçası idi.

Safari stili sport, hərbi və gündəlik geyim üslublarının qarışmasından yaranmışdır. Bu üç stilin özəlliklərini daşıdığı kimi, Safari stili  digər bütün üslublardan fərqli özəlliyə də sahibdir. Belə ki, stil bir növ təbiəti əks etdirir. İstər rəng palitrası, istərsə də geyimlərin  daha çox təbii materiallardan hazırlanması bunu sübut edir. Safaridə istifadə olunan əsas rənglər qəhvəyi, xaki , dəri rənginin müxtəlif tonları,  daş və qum rəngləridir. Bu stilə aid geyimlər rahat, komfortlu olub təbii materiallardan hazırlanır. Ən çox istifadə olunan parçalar dəri, kətan, pambıq və ya süetdir (zamşa). Geyimlərin biçimi sadəliyi və lakonikliyi ilə seçilir. Geyimlərdə funksionallıq  iri ciblərin, iri kəmər və ya iri düymələrin köməyi ilə yaranır.

Son illərdə dünya dəb dizaynerləri Safari stilinin rəng palitrasına təbiətdə olan digər rəngləridə əlavə edib stili daha da zənginləşdiriblər. Məsələn, terrakota, tünd yaşıl, mavi və qeyri- praktik ağ rəng.  Bəzi kritiklərə görə isə, bu Safari stilini daha qarışıq və zövqsüz stilə çevirmişdir.

Safari stilində qarderobun əsas elementləri:

  • Safari gödəkçəsi
  • Don köynəklər
  • Kombinezonlar
  • Həcimli və cibli şortlar
  • İri cibli, bol şalvarlar
  • Heyvan və təbiət printləri
  • Düz biçimli bluzlar
  • Jiletlər
  • Boyun yaylığı
  • Midi, düz biçimli, lakonik ətəklər
  • Geniş kənarlı şlyapalar, panamalar, turbanlar
  • Böyük çantalar, bel çantaları, tək çiyin çantaları
  • Sandallar
  • Uzun ipli ayaqqabılar
  • Afrika üslubunda təbii daşlardan hazırlanmış bəzək əşyaları

Əsmər Göyüşova