Alternativ gəlinlik modelləri

Moda  aləminin “Retrofuturistik” mərhələsində olması, zaman-zaman dəbin gündəmə qayıtması bəzən trendlərin təkrara qaçmasına səbəb olur. Artıq klassikləşmiş gəlinlik modelləri nə qədər “ölümsüz” imzasını qazansa da, çox təəssüf ki, bəzən sıradan və sıxıcı görüntü verə bilir. Məşhur ulduzların əslində fərqli olan lakin kənardan baxıldıqda bir-birini təkrarlayan gəlinlik geyindikləri də izləyicilərin nəzərindən qaçmamışdır.  Söz gəlinlik seçimindən düşəndə xanımlar haqlı olaraq daha çox gərginlik keçirirlər. Əlbəttə klassik krujeva, atlas, güpür parçalardan tikilən balıq ətək və ya geniş ətəkli gəlinlikləri seçərkən xanımlarımız “Bu gəlinlik mənə sıradan görüntü verə bilər!” fikrinə gələ bilərlər.

Nə yaxşı ki, bu il üçün alternativ variantlarda təqdim olunan gəlinliklər xanımlara bol çeşidlərlə təqdim olunub. Qeyri-adi gəlinlik axtaran xanımlar Vera Vang, Lela Rose, Viktor&Rolf kimi dizaynerlərin gəlinlik modellərinə nəzər yetirmələri doğru fikir olardı.

Viktor&Rolf kolleksiyasında klassik modellərə qeyri-adi toxunuşlar ederək daha müasir görüntü verməyə nail olunub. Ənənəvi modellərlə yanaşı kolleksiyada minimalistik elementli gəlinliklər də var. Qısa ətəkli şort , iri bantlarla şəkilləndirilmiş kombinezon, sadə parçadan tikilmiş uzun, bədənə oturan, arxası iri bant detallı şleyf ilə tamamlanan gəlinlik modelləri qüsursuz və şık görünməyi tərcih edənlər üçün uğurlu seçim ola bilər. Kolleksiyada yer alan aksesuarlar da,  gəlinliklər qədər mükəmməl tərzdə  hazırlanmışdır. Üzəri iri bantlı ayaqqabılar sadə kəsim gəlinliklərə hərəkət qataraq obrazı gözəl tamamlayır.

Eləcə də Lela Rose gəlinlik kolleksiyasında müasir görüntülü gəlinlikləri klassik detallarla sintez edərək daha yenilikçi və dinamik gəlin obrazı yaratmışdır. Kolleksiyada zərif parçadan hazırlanmış şalvar və koftadan ibarət şık gəlinlik dəstinə də yer verilib.

Vera Vang isə daha romantik abu-havalı,  qatbaqat krujeva və işləmələrlə bəzədilmiş korsetlərdən ibarət gəlinlik modelləri kolleksiyada yer alıb. Gəlinliklərə mex detallı akssesuarlar əlavə olunaraq fərqlilik yaradılmışdır.

Siz də özünüzü heç kimi  təkrarlamaq istəməyən, cəsarətli modabaz xanım hesab edirsinizsə, o zaman belə model gəlinliklər sizin üçündür.

Sevil Sayılova