Qarderobda JLO cürətkarlığı

Hollywood kino ulduzu, müğənni, şəxsi geyim markası və parfüm biznesi sahibəsi eləcə də, prodüser kompaniyasına malik, cürətkar tərzi eyni zamanda sadəliyi ilə adından söz etdirən stil ikonu…  Söhbət əlbəttə ki, dünyaca məşhur ulduz Jennifer Lopezdən gedir. Qüsursuz görüntüsünün arxasında xarici görünüşünə həddindən artıq diqqət yetirməsi durur. İdman və sağlam həyat tərzi vərdişləri 48 yaşlı Jenniferi yaşından çox gənc göstərməsinə səbəbdir.  2000-ci illərdə “Jenny – From – The – Blok” ekstravaqant tərzi ilə yadda qalan Lopez günümüzdə daha eleqant, sakit, qadınsı obrazlar seçir. Ümumiyyətlə, həyatı boyunca öz obrazları üzərində eksperiment aparmağı çox sevmişdir. Bu səbəbdən onun obrazlarını eyni xətli adlandırmaq olmaz. Əgər günlük geyimlərində sport, casual (gündəlik) tərzinə üstünlük verirsə, ziyafət geyimlərində tam əksi daha cürətkar və iddialı əlbisələr seçir. “Nude” əlbisə seçimində bayağı görüntü ilə şıklıq arasındakı incə cizgini keçmədən olduqca mükəmməl görüntü əldə edən sayılı ulduzlardan biri hesab oluna bilər. Bədən xətlərini yaxşı tanıdığı və bununla qürur duyduğu üçün hər zaman, hər yerdə və hər bir obrazda “sexy”  görüntüsü ilə fərqlənir. Hətta gündəlik komfort stildə geyinsə belə….

Dəri və xəz detalları, dizayner aksessuarları da,  Jlo qarderobunun vazkeçilməz detallarıdır. Ayaqqabı seçiminə çox diqqətlə yanaşır. Adətən hündürdaban və nude tonlarında ayaqqabı seçən ulduzun boyu 164 sm-dir.

Michael Kors, Versace, Gucci kimi məşhur brendlərin geyimlərini seçsə də, ən sevimli brendi Zuhair Murad əlbisələridir. Ziyafət geyimlərində vurğunu sinə dekoltesinə və ayaq yırtmaclarına etməyi sevir . Cürətkar gecə obrazlarını diqqətlə seçilmiş daha sakit və ölçülü xüsusi dizaynlı zinət əşyaları ilə bütünləşdirir.

Geyimlərində rəng seçimi əsasən qarabəniz dəri rəngini çox gözəl vurğulayan qızılı, nude, bej, ağ, qırmızı və qaradır. Zaman keçdikcə dəyişən geyim tərzi ilə bərabər makyaj stili də dəyişən Jlo daha çox nude makyaja üstünlük verir.

 

Sevil Sayılova