Charlotte Gainsbourg stili

Bu gün dəb ikonu, qeyri tipik gözəlliyə sahib, aktrisa, müğənni, zərif fransız qadını obrazının simvolu Charlotte  Gainsbourg haqqında danışacağıq.

Musiqi, film həmçinin, dəb dünyasının qəlbini fəth etmiş Charlotte  21 iyul 1971-ci ildə  məşhur sənətçi ailəsində anadan olmuşdur. Onun anası İngilis aktrisası Jane Birkin, atası isə Serge Gainsbourg dur. Məşhur ulduz ailəsindən olması onu həmişə medianın gözü önündə olmasına səbəb olmuşdur.

13-15 yaşlarında artıq atası ilə birgə mahnı oxumağa və filmlərdə çəkilməyə başlamışdır. 15 yaşında ilk “Words and music” adlı filmdə oynamışdır və atasının köməyi ilə ilk  “Charlotte Forever” albomunu yazmışdır.  Bu da, ona öz yolunu tapmağa və məşhur valideynlərinin kölgəsində qalmamağa köməklik göstərmişdir.

“Müasir Fransız qadını obrazı” dedikdə gözümüzün önündə Charlotte Gainsbourg öz cool-luğu, təbii, qeyri tipik gözəlliyi ilə canlanır. Charlotte  öz xarici görünüşündən həmişə narazı olmuşdur. Mən öz üzümü sevmirəm! Öz ağzımı, burnumu, gözlərimi-heçnəyi. Düzdür, onun üzündə sərt fransız cizgiləri olsada, bəlkə də ilk baxışda fərqinə varılmayan ancaq, ona baxanları biganə qalmağa qoymayan, baxdıqca baxılan təbii gözəlliyi var.

Charlotte-nin tərzi əsl zərif Fransız qadınının “klassikasıdır”. Onun stilində kişi qarderobundan elementlərə (gödəkçə, köynəklər, ağ sadə t-shirtlər), Hermes’in ipək yaylıqlarına, gözə çarpan gümüşü aksesuarlara rast gəlmək olar. Kənardan baxdıqda sanki, evdən çıxarkən nə geyinəcəyi üzərində heç düşünməmiş kimi gəlir. Çox sadə elementləri bir araya gətirir, ancaq eyni zamanda çox cəlb edici görünüşə sahib olmağı bacarır. Bu da əsl Fransız şıklığı adlanır.

Biraz dağılmış saçlar, sərt gödəkçələr, ağ köynək və t-shirt’lər, ağır kişi ayaqqabıları onu qadınsı görünməkdən çəkindirmir, əksinə cəlb edici və zərif  göstərir.

Charlotte müsahibələrində trendlərə, dəbdə olan elementlərə qarşı soyuqqanlı olmağı, kombində ilk görünüşdə gözə çarpan elementi yox, sadə olan ancaq sənin bütün obrazını ifadə edə bilən elementi seçib geyinməyi məsləhət görür.

Bir sözlə, Charlotte Gainsbourg stili bizə geyim, aksesuar və makyajı  daxili və təbii gözəlliyi önə çıxarmaq məqsədi ilə seçməyi öyrədir.

Əsmər Göyüşova