“Qəlblərin Şahzadəsi” Diananın stili…

“Qəlblərin Şahzadəsi” Diananın stili…

20-ci əsrin ən populyar, çox danışılan xanımlarından biri Şahzadə Diana-dır. Britaniya Şahzadəsi Charles ilə evliliyi, özünəməxsus stili, zərifliyi, həmçinin faciəvi ölümü onu hər zaman diqqət mərkəzində saxlamışdır.

Artıq onun ölümündən 21 il keçir… Ancaq, onun haqqında hələ də, filmlər çəkilir, kitablar yazılır, “stil ikonu” adı altında moda jurnallarının  üzü olur.

Nə stil ikonu olması, nə də Britaniyanın monarxiya ailəsindən olması onun daxili aləmini, şəxsiyyətini dəyişmədi.

“Qəlblərin Şahzadəsi” ləqəbli Diana şahzadə olmazdan əvvəl də, sadə, lakin zövqlü Britaniya qızları kimi geyinərdi. Diana qarderobunda uzun düz ətəklərə və volanlı bluzlara üstünlük verirdi. Şahzadə Charles’lə nişanlandıqdan sonra isə, o qarderobuna daha çox diqqət ayırmalı oldu. Diana’nı qarşıda çoxsaylı qəbullar, ictimai səfərlər, dəvətlər gözləyirdi – o, əsl Britaniya Şahzadəsi obrazına uyğun olmalı idi.  Bununla da, “Lady Diana stil” i yaranmağa başladı.

Bütün bunlara baxmayaraq, Diana modaya uyğun geyinməyə çalışmırdı. Onun şəxsi stilisti var idi, lakin, demək olar ki, qarderobunun bütün parçalarını özü seçirdi. Çünki, Diana hansı dəvətdə necə görünmək istədiyini özü hamıdan yaxşı bilirdi. Diananın stilisti Anna Harvey’in sözlərinə görə, ona sevmədiyi geyimi geyindirmək mümkünsüz idi. Moda dünyası qısa bir zamanda bu azad ruhlu şəhzadənin stilini sevə bildi.

İlk növbədə, Diana kral ailəsinə xas əlcəklər  və böyük şlyapalardan demək olar ki, imtina etdi. O,bəzən daha çox yaşlı xanımların istifadə etdiyi inci ilə, qollarını, boynunu bəzəsə də, daha çox bijuteriyalara üstünlük verirdi ( muncuqlar, şüşə və plastikdən üzüklər və müxtəlif aksesuarlar).

Şahzadə Diana məşhur dizaynerlərdən başqa, yeni başlayan, ancaq maraqlı ideyaları olan dizaynerlərlə işləyərək onların dizaynlarından geyinməyə çəkinmirdi. Gənc dizaynerlərdə həvəs yaradırdı, onların inkişafına dəstək olmağa çalışırdı.Bu da, onu cəmiyyətdə sevdirən əsas ünsürlərdən idi.

Lady Diana’nın uzun boyu, düzgün bədən quruluşu, qısa, sarı saçları, göy-yaşıl rənglərinə çalan gözləri var idi. O, gözəl görünmək üçün deyil, gözəlliyini tamamlamaq üçün geyinirdi.

Qısa müddətdə milyonların qəlbini fəth edən Diana,”demokratik stil”in əsasını qoydu. O, İtaliya və Fransa dizaynerlərinin işlərinə diqqət yetirməyə başladı. Geyim seçimində daha cəsur davrandı, sinə və bel dekoltesi, qısa ətəklər qarderobunda yer almağa başladı. Mühafizəkar düşüncəli insanların tənqidinə baxmayaraq, çoxları onun müstəqil, cəsur stilinə heyran idi.

“Lady Diana” stilinin əsas ünsürləri:

  1. Bədən quruluşuna uyğun düzgün geyim seçimləri: – Diana uzun boyu olduğu üçün hündür dabanlı ayaqqabılardan imtina etmiş, balet və alçaq dabanlı ayaqqabılara üstünlük verirdi. Onun donları uzun düz biçimli, geniş çiyinlərini vurğulamaq üçün çiyin dekolteli geyinərdi.
  2. Bütün geyimdə yalnız bir rəngdən istifadə: – bu, insanların onu çılğın və cəsur adlandırma səbəblərindən idi. Diananı çox vaxt bütünlüklə, çəhrayı, mavi, göy hətta qırmızı rəngə bürünmüş görmək olardı.
  3. Aksesuarlar: – inci, bijuteriya və çantalar. Çanta seçimi ilə hər zaman diqqət çəkən Şahzadə, Dior və Tod’s markalarının çantalarına daha çox üstünlük verərdi. Ən məşhur çantası, 1995-ci ildə “Lady Dior” – “Əfsanə Çanta” adlı, Dior evinin o zamankı sahibi Gianfranco Ferre tərəfindən sırf onun üçün hazırlanan çantası olmuşdur.

Günümüzdə də, Diana’nın istər sport, istərsə də klassik, demokratik stilindən geniş istifadə olunur, geyimlərinin detalları dizaynerlərin kolleksiyalarında yer alır.

Əsmər Göyüşova