Yaz mövsümündə ruhun terapiyası əlvan rənglər…

Yaz mövsümündə ruhun terapiyası əlvan rənglər…

Yazın gəlməsinə çox az bir vaxt qalıb. Bu insanı həyəcanlandırır, tünd rəngli geyimlərimizi daha əlvan çalarlarla əvəz etməyə vadar edir. Qışın tutqun keçən günlərinə adətən bir terapiya kimi gələn əlvan rənglər əhval ruhiyyəmizi qaldırmağa yardımçı olacaq. Yazın gəlməsinə tələsənlər üçün bir neçə geyim variantları seçdik. Əminik ki, bu seçimlər ətrafdakı insanların da göz zövqünü oxşayacaq.

Payız-qış sezonu üçün təqdim olunsa da Tom Fordun 2018 PQ kolleksiyasının rəngli opak corabları, qısa parlaq ətəkləri, leopard printli geyim və corabları bizə yaz qarderobumuz üçün ideya ola bilər. Əgər Tom Ford  leopard dəsənini bütün rəng çalarlarında təqdim etdisə, bizə də qarderobumuza bir parça olsa da bu printli  əşyalardan əlavə etmək düşür.

Parlaq bənövşəyi, fuksiya çalarlarında seçilmiş vinil plaşlar,  palto və pençəklər gündəlik geyiminizə fərqlilik qatacaq. Və ya vurğunu sadəcə bənövşəyi tonlarda botfora edərək şık görüntü qazanmaq olar.

Klassik paltonu isə qalın toxunma kardiqanlarla əvəz etmək olar. Burada əsas nüans hansı rəngi seçəcəyimizdir. Qara, bej, boz rənglər seçib sıradan görünməkdənsə, daha parlaq və canlı tonlara üstünlük verin. Bənövşəyi, mavi, parlaq çəhrayı rənglər həm obraza fərqlilik qatacaq, həm də əhvalınızın qalxmasına yardımçı olacaq.

Red Valentino  2018 payız-qış  dəbli, rəngli və rahat kolleksiyasından ilhamlanaraq qarderobumuzu yeniləyə bilərik. Kolleksiyada sadə kəsimli ətək və əlbisələr, qısa paltolar, uzun çəkmələr, parlaq rəngli botlar, çiçək dəsənli geyimlər yer alır. Rəngli qalın corablar, toxunma uzun köynəklər gündəlik look-lar üçün uyğun variant ola bilər.

Önümüzdəki aylar sviter üstündən pencək trendi populyar olacağı artıq hamımıza bəllidir.  Zövqünüzə və bədən quruluşunuza uyğun dəbli pençəkləri incə toxunma və ya qalın  yun sviterlərlə geyinin. Obraza  enli şalvar və iri gün eynəkləri əlavə etməklə retro görüntüsü əldə edə bilərsiniz.

Yazın dəbli rəngləri arasında “qırmızı armud” tonları xüsusi yer tutur. Aksessuarlarınızı bu rəngdə seçməyə üstünlük verin. Obraza özəl bir hava qatacağına əmin ola bilərsiniz.

Sevil Sayılova