Chanelin Métiers d’art kolleksiyası bizi eradan əvvələ aparır…

Dünən Chanel Métiers d’art dəfiləsidə Misirin mistik ab-havasına şahid olduq. New-York Metropolitan muzeyində Dendur Məbədinin qalıqları fonunda baş tutan nümayiş qədim Misir mədəniyyətinin mistik ab-havasını New-Yorkun müasirliyi və Fransanın zərifliyi ilə kombinləmişdi.

2002-ci ildən bəri hər il dekabr ayında keçirilən “Metiers d”Art” dəfiləsi Chanelin uzun illərdir əməkdaşlıq etdiyi atelye və studiolara göstərdiyi rəğbətin nümayişidir. Atelyelərdən bəziləri Coco Chanelin sağlında artıq marka ilə əməkdaşlığına başlamışdır (Maison Lemarié) . Podiumda təqdim olunan geyim nümunələrini isə əsər adlandırmaq olar. Fərqli texnika və maksimum yaradıcı yanaşma ilə hazırlanan geyimlər moda evinin dəb mirası hesab olunur. Massaro, Lesage, Desrues, Lognon kimi atelyelər dəfilə üçün hər bir geyimi özəl ülgü əsasında, əl əməyi ilə hazırlamışdır.

Dəfilədə Misir mədəniyyətinin elementləri, Nil çayı, fironların qəbirləri, dini məbədlərindən ilhamlanan geyimlərdə klassik Chanel tvidlərini, tül və dəriləri qızılı işləmələr və daş qaşlarla bəzənmiş gördük.

Geyimlərlə və nəhəng aksesuarlarla kontrast daşıyan saç və makiyaj isə minimalist və sadə toxunuşlarla edilmişdi.

Nika Məmmədova