Mickey Mouse Podiumlarda…

İlk dəfə “Steamboat Willie” filmi ilə təqdim olunan Walt Disneyin ən sevilən personajı Mickey  Mouse 18 noyabr 1928-ci ildən bugünə kimi moda, musiqi, idman, film və televiziya kimi bir çox sahəyə ilham mənbəyi oldu. Gəlin, markaların kolleksiyalarında keçmişdən günümüzə personajdan istifadəsinə nəzər salaq:

Gucci

Gucci-nin Yaz /Yay 2019 dəfiləsində Mikki çantalar gözə çarpan detallar arasında idi. Mikkinin başından ibarət olan bu şirin çantalar tezliklə küçə dəbində də öz yerini aldı.

JC de Castelbajac

Dizayner Jean Charles de Castelbajac  Yaz/Yay 2012 sezonunda Mikkini öz dizaynlarında nümayiş etdirdi. Animasiya qəhrəmanının təsviri  ilə libasları bəzəyən dizayner o sezonun ən maraqlı kolleksiyalarından birinə imza atdı.

Marc Jacobs

Marc Jacobs Yaz/Yay 2016 sezonunda midi ətəklərin üzərinə geyindirdiyi Mikki printi olan qısa svitşort ilə sezon trendini bəlli etmiş oldu.

Iceberg

London Moda Həftəsində yer alan İcebergin Payız/Qış 2016 kişi kolleksiyasında Mikki şalvar və svitşortların üzərindəydi və dizayner bu parçaları kostyum olaraq modellərə geyindirmişdi.

Anya Hindmarch

İngilis dizayneri Anya Hindmarch, Yaz/Yay 2015 sezonunda nümayiş etdirdiyi kolleksiyasında Mikkinin əl fiqurunu çantaların üzərində istifadə etmişdi.

Coach

Coach, 2016-cı ildə Disney ilə əməkdaşlıq edərək, Mikki mövzulu bir kolleksiya çıxardı. Ümumi olaraq çanta və köynəklərdən ibarət kolleksiya Mikki fanatları tərəfindən çox sevildi.

Dizaynerlərin marağına əsaslanaraq demək olar ki, Mikkini bundan sonra da tez-tez podiumlarda görəcəyik.

Zəhra Həsənli