Burberry x Vivienne Westwood…

Riccardo Tisci mart ayında Burberry-də  kreativ direktor kimi işə başladıqda, onun özünəməxsus tərzinin klassik ingilis markasına necə təsir edəcəyi hamıya maraqlı idi. Marka iyul ayında İnstgram üzərindən grunge-punk kraliçası Vivienne Westwood ilə əməkdaşlığını açıqladıqda isə artıq maraqlı kolleksiyanın gələcəyini hamımız bilirdik.

Yeni kolleksiyada Burberry-nin ticarət nişanı olan damalı parçadan plaş və köynəklər Vivienne çılğınlığı ilə dizayn edilib. Məhdud sayda olan kolleksiyaya 2000-lərin extra mini ətəkləri, platformalı ayaqqabılar, qraffiti tərzində yazılı bluzlar və köynəklər,uzun corablar, papaqlar daxildir. Və təbii ki, editorial çəkilişi Vivienne-in ilham pərisi və Burberry-nin daimi siması Kate Moss-suz təsəvvür etmək olmazdı.

Kolleksiya haqqında digər maraqlı fakt isə, əməkdaşlığın xeyriyyə məqsədi daşımasıdır. Beləki, satışdan yığılan məbləğ “Cool Earth” adlı təşkilata bağışlanacaq. Təşkilat cəngəlliklərin qorunması, iqlim dəyişikliyi, qlobal istiləşmə kimi problemləri həll etməyə çalışır. Köynəklərdən birində əl yazısı ilə yazılmış “Cool Earth has the plan to save the world.” cümləsi Vivienne-in təşkilata dəstəyini ifadə edir.

Qeyd edək ki, Vivienne Westwood yaxın günlərdə istehlakçı fərqindəliyinə və ətraf-mühitin qorunmasına verdiyi töhfələrə görə Britaniya Dəb Şurası tərəfindən ilin qadını Swarovski mükafatına layiq görüldü.

Nika Məmmədova