2018-də ulduzu parlayan gənc brendlər…

2018 bir çox gənc dizayner və brendlər üçün uğurlu il oldu. Daim göz qabağında olan bloger, model və ulduzlar tərəfindən kəşf olunan yeni brendlər sosial media vasitəsilə minlərlə izləyici kütləsinə çatmış və moda həftələrində yadda qalmağı bacarmışlar.

“Saks Potts” Katrin və Barbara bacıları tərfindən 2014-də Kopenhagendə qurulan üst geyimi markasıdır. Brendin ideyası qadınların həmişə trenddə olan geyimlər ilə öz individuallığını ifadə etməsi və yadda qalmasına əsaslanır. Hadid bacıları, Selena Gomez, Lady Gaga, Cardi B kimi məşhurların tez-tez müraciət etdikləri “Saks Potts” bu il “Elle” tərəfindən ilin brendi mükafatını qazandı.

90-lardan ilhamlanan ayaqqabı və çanta markası “by FAR” 3 gənc dizayner: Valentina-Sabina bacıları və rəfiqələri Denitsa tərəfindən 2016-ci ildə qurulub. Markanın rahat və minimalist məhsullarını bu il uğurlu edən isə, Hadid və Jenner bacılarının bu brendə müraciət etməsi və sosial mediada paylaşmasıdır.

“Maison Cléo” 2016-ci ildə Marie və anası Nathalie Dewet tərfindən qurulmuş fransız brendidir. Gəncliyində Kleopatranı xatırladan stilinə görə Cléo ləqəbini alan Nathalie və qızı Marie orqanik materiallardan zərif və müştəriyə özəl, sifarişlə geyimlər hazırlayırlar. Geyimlər 60-lar və 90-lardan, Jane Birkin sadəliyindən, fransız zərifliyindən ilhamlanaraq dizayn olunur. Markanın ulduzunun parlamasına səbəb isə, Emily Ratajkowskinin “Maison Cléo”  imzalı bluzla şəklini Instagramda paylaşması oldu.

“Veja”, qeyd olunan brendlər arasında heç də gənc olmayan, amma ikinci həyatına bu ildən başlayan ayaqqabı markasıdır. 2004-də Fransada qurulan “Veja”, ətraf-mühitə zərəri olmayan, orqanik materiallardan hazırlanan məhsullarını təkrar emala yararlı bağlamalarda təqdim edir. Bu xüsusiyyətinə görə Emma Watson, Eddie Redmayne kimi ətraf-mühit aktivistlərinin sevimli brendinə çevrilən brend, bu il Meghan Markle-ın ilk rəsmi turu zamanı bu sneakerlərdə görüntülənməsi ilə göz önünə gəldi.

Nika Məmmədova