Vogue-un “Nüvə qışı” ləqəbli baş redaktoru…

Vogue-Amerikanın baş redaktoru Anna Vintur moda dünyasında dəyişməz imici və stili ilə xüsusi avtoritetə sahibdir. Ən vacib dəb tədbirlərində ilk sıralarda yer alan Annanın yeni istedadların üzə çıxarılmasında və trendlərin təyin olunmasında danılmaz rolu var.

1949-cu il təvəllüdlü Anna Vintur illərdir (14 yaşından bəri) dəyişməyən saç üslubu ilə yaddaşlara həkk olub. 15 yaşında Biba adlı geyim mağazasında satıcı olaraq işə başlayan Anna modanın incəlikləri ilə birlikdə, atasından jurnalistikanı da dərindən öyrənməyə başlayır. Jurnalist karyerasını Britaniyada “Harpers and Queen” (indiki Harper’s Bazaar) jurnalında assistent kimi başlayan Vintur 2 il sonra artıq icraçı direktor olur. 1983-cü ildə bədii direktor kimi Amerika Vogue dəvət olunan Anna ilk iş olaraq jurnalın stilində dəyişikliklər edir. Ənənəvi gözəl modellərin üz qabığında portretlərini bəyənməyən yeni baş redaktor, fərqli görünüşlü modellərlə işləməyə başlayır. Lakin Annanın yenilikçi yanaşması baş redaktor Qreys Mirabella tərəfindən bəyənilmir. Jurnalda baş verən qarşıdurmaları aradan qaldırmaq üçün Anna Vogue-Britaniyaya baş redaktor təyin edilir. Mükəmməlliyyətçiliyə aludə olan Anna işə komandanı və jurnalın stilini dəyişməklə başlayır.

1988-ci ildən bəri isə Anna Vogue-Amerika jurnalına baş redaktorluq edir. 2009-cu ildə “September İssue” adlı sənəli filmdə Vogue jurnalının ərsəyə gəlməsi və Vinturun işə yanaşması nümayiş olunub. Xüsusi tələbkarlığı ilə seçilən baş redaktor, həm işçilər, həm də dostları tərəfindən sərt xarakterli və məsafəli qadın olaraq təsvir edilir. Jurnalın hazırlanmasına xüsusilə tənqidi yanaşan Anna heç biri səhvi güzəştə getmir.  “Şeytan Prada geyinir” adlı filmə ilham mənbəyi olan Anna Vintur stili ilə-klassik Chanel kostyumları və qara eynəkləri ilə artıq ikonaya çevrilib.

Nigar Məmmədova