Yüksək Modada papaqların dominantlığı…

4 günlük Yüksək Moda nümayişlərini geridə qoyduq. Dizaynerlər bir-birindən fərqli və cəlbedici kolleksiyalar təqdim etməklə yanaşı, bəzi detalların və aksesuarların təkrar istifadəsi gözdən qaçmadı. Ekstra-böyük gecə geyimləri, bantlar və parlaq parçalar 4 gün boyunca müxtəlif markalarda qarşımıza çıxdı. Şübhəsiz ki, ən çox diqqət cəlb edən detal papaq və saç aksesuarları oldu.

Sirk konseptində keçən Dior nümayişində bütün modellər üzü torla hazırlanmış üzgüçü papağı taxarkən, Chanel-in “gəlini” də duvaqla bəzənmiş üzgüçü papağında idi.

Giambatista Valli türk fəsini xatırladan birrəngli papaq və bantlarla modellerini bəzəmişdi.

Jean Paul Gaultier qoyma saç və tüldən hazırlanmış papaqlarla nisbətən sadə olan kolleksiyasına avanqart hava qatmışdı.

Uzun illər sonra yüksək modaya qayıdan Balmain də geometrik biçimli şlapalardan istifadə etmişdi.

Givenchy, Armani Prive, və Schiaparelli mirvari, qaşlı abadoklar və papaqlarla kollesiyalarına zəriflik qatmışdılar.

Nigar Məmmədova