Meghan Markle Stili…

Amerika əsilli aktrisa Meghan Markle Britaniya kral ailəsinə gəlin gəldikdə, adından çox söz ediləcəyi artıq məlum idi.

37 yaşlı şahzadə əsrlərdir davam edən zadəgan qanunları çərçivəsindən uzaq olsa da, tezliklə hamının sevimlisinə çevrilməyi bacardı. Hər dəfə ictimaiyyətə çıxdıqda, səmimiliyi ilə ürəkləri fəth edən şahzadə artıq stili ilə də “trend-setter” olmağı bacarıb. Meghan aktrisa olsa da, karyerası boyunca moda dünyası ilə sıx əlaqəsi olub. 2015 və 2016-ci illərdə Kanada brendi Reitmans üçün hazırladığı kolleksiya təqdim olunduqdan sonra tezliklə satılıb.

Meghan Markle sadəliyi və eleqantlığı eyni anda daşıya bilir. Dəfələrlə “Ən yaxşı geyinən qadın” və “Stil ikonu” adlarına layiq görülən Meghan, tituluna baxmayaraq, eyni geyimi dəfələrlə geyinməkdən çəkinmir. Sadə biçimli dizaltı ətəklər və cins şalvarlar, bluzlar və stiletto ayaqqabılar şahzadənin gündəlik obrazının əsas parçalarıdır. Xüsusi dəvətlərdə isə, Meghan neytral rəngli əlbisələr və müxtəlif formalı şlapalar ilə görüntülənir.

Şahzadəni moda dünyasında önəmli edən əsas özəllik isə onun “sustainable fashion” və  ekoloji zərərsiz geyimlərin tərəfdarı olmasıdır. Müraciət ediyi Rothy’s, Veja, Gabriela Hearst, Maggie Marilyn kimi markalar təkrar emal olunan və təbii materiallardan geyim və aksesuarlar hazırlayır. Gənc dizaynerlərin geyimlərinə rahatlıqla müraciət etməklə, onları dəstəkləyən şahzadə hal-hazırda stili ilə hamilə xanımlara da ilham mənbəyi olur.

Nigar Məmmədova