Hansı Saç Aksesuarları bu il trenddir?…

Yaz-Yay aylarında saçınızı monogramlı saç aksesuarları ilə  bəzəmək üçün hazır olun! İlk dəfə MaxMara dəfiləsində gördüyümüz,bütün detalları parlaq qaşlardan hazırlanan M hərfli saç aksesuarı, bütün markalara da ilham qaynağı oldu. Xüsusilə də, saçlarınızın yarısını topladığınız zaman bu aksesuarları rahatlıqla istifadə edə bilərsiniz. Minimal zəriflik üçün ideal saç aksesuarıdır.

Əminik, hamınız 90-cı illərdə məşhur olan böyük kəpənək formalı olan saç aksesuarlarından istifadə etmisiniz. Aleksandr Wang dəfiləsi ilə həyatımıza qayıdan bu saç aksesuarlarını bu sezon yaz-yay aylarında sıx görəcəyik. Bu aksesuar daha çox gündəlik kombinlərinizi tamamlamağda sizə kömək edə bilər.

80-ci illərin ən trend saç aksesuarlarından biri olan dəri bandanalar Tom Ford moda dəfiləsində qarşımıza çıxdı. Podyumda yığılmış saçların üstünə taxılan qalın dəri bandanalar istifadə olundu. Lakin açıq saça incə və nazik bandana daha çox yaraşır.

Romantik və zərif xanımlar üçün saç aksesuarlarının yerini alacaq lentlər, Simone Rocha və Dior dəfilələri ilə daha da məşhurlaşdı. Xüsusilə, saç hörgüsündə və yuxarıdan yığılan saç düzümləri üçün çox uyğun olan bu aksesuarı bir neçə rəngdə əldə etmək faydalı olar.

Saç sancaqlarının ən zərif görünüşünü Zadig&Voltaire dəfiləsində gördük. Bu daşlı saç sancaqlarını istifadə etmək üçün ən yaxşı yol, ortadan ayrılan saçların yanlarına taxmaqdır. Bir tərəfli və ya iki tərəfli taxa bilərsiniz. Saç sancaqlarının, həmçinin, printli formaları da bu sezon trendlər arasına daxil olmuşdur.

Saç tacları da dəfilələrdə sıx qarşımıza çıxan aksesuarlardan oldu. Bu sezon daha çox sadə və incə qaşlar ilə bəzədilmiş saç tacları gündəlik həyatda istifadə üçündə yararlıdır. İngilis kraliyyət ailəsinin xanımlarının seçimi olan bu aksesuarlar həmçinin sadə gəlinliklər ilə də istifadə oluna bilər. Bu sezon tacların qalın məxmər formasıda çox trend olacaqdır.

Zəhra Həsənli