Yaz-Yay Print Trendləri…

Bu sezon  kolleksiyalarda təbiətdən ilhamlanan printləri tez-tez görürük. Tropikal naxışlar yay ab-havasını ən yaxşı əks etdirən trendlərdən biridir. Yarpaqlar, palmalar əks olunmuş geyimləri, həm gündəlik, həm də gecə kombinində rahatlıqla istifadə edə bilərsiniz. Əvvəllər geyinərkən  diqqət edirdik ki, sadəcə bir parçada bu naxışdan istifadə olunsun lakin, bu sezon başdan ayağa bu printdən istifadə edə bilərsiniz. Dəfilələrdə də qarışıq istifadə olunan tropikal printlər yay aylarında kombinlərinizə fərqlilik qatacaqdır. Əgər, qarışıq fərqli kombin istəmirsinizsə, tropikal naxışlı parçaları daha sadə rənglərlə, ağ və ya düz rəng tonları ilə istifadə etmək məqsədəuyğundur. Bu sezon çimərliklərdə də tropikal naxışlara tez-tez rast gələciyik. Tropikal naxışlı çimərlik geyimlərini həsir çantalar və şlyapalarla tamamlamaq olar.

“Animal Print”  lər keçən sezondan artıq trend olaraq qalmaqdadır. Bu sezon əlavə olaraq inək printi də trendlər arasına daxil edilmişdir. Bu mövsüm artıq bu naxışları hər bir geyimdə görmək mümkündür. 2019-cu ildə heyvan printləri rəngarəngliyi ilə diqqəti cəlb edir. Tanınmış markaların geyimlərində də üstünlük verdiyi bu rəngli heyvan printləri bu il moda dünyasını ələ almışdır. Yaz-yay aylarında daha çox rəngli printləri görməyə başlayacağıq.

Bu il çox məşhur olan və dəfilələrdə qarşımıza çıxan pop-art printlər yay-yaz aylarında diqqət mərkəzində olacaq. Bu print daha çox fərqli görünmək istəyənlər üçün əla seçimdir. Rəngarəng detalları ilə diqqəti çəkən pop-art print həmçinin, çimərlik geyimlərinə də keçid etmişdir.

Moda dünyasının çiçəklərə olan sevgisi bu sezon da bitmir. Qarışıq  naxışlar, Balenciaga’da logo olaraq, qarşımıza çıxarkən, Versace yazı çiçəklərin hər rəngi ilə qarşılayır. Çiçək naxışları bu sezonda yaz-yay aylarının ən sevilən naxışı olaraq görsənir.

Zəhra Həsənli